2017-ci ildə Rusiyada fəaliyyət göstərən təhsil müəssisələri tələbələrinin diplom işlərini internetə yükləməyə başlayacaqlar. 2016-cı ilin sonunadək İnternetin İnkişafı İnstitutunun “İnternet+Təhsil” işçi qrupu tərəfindən nəşrlərin formatı və digər meyarlar işlənib hazırlanacaq.
İşçi qrupun üzvü Aynur Abdulnasırovun sözlərinə görə, diplom işlərinin dərc edilməsi zamanı bir çox məsələləri həll etmək lazımdır. Məsələn, bütün elmi işlərin açar sözlər üzrə tapılmasının mümkün olması vacibdir. Bu, insanlara yeni ideyaları öyrənmək imkanı verir. Həmçinin diplom işlərini yazan tələbələrin intellektual mülkiyyət hüquqlarının qorunması zəruridir.
Onlayn-naşirlər assosiasiyasının prezidenti, işçi qrupun üzvü İvan Zasurski bildirib ki, tələbələrin diplom işləri internetdə dərc ediləndən sonra mərkəzləşdirilmiş qaydada “Antiplagiat” sistemi ilə yoxlanacaq. Məqsəd cəzalandırmaq deyil, Rusiyada ali təhsilin bugünkü vəziyyətini öyrənmək və yanlışlıqları aradan qaldırmaqdır.