Elektron tibbin formalaşması problemləri tədqiq olunur

08 İyul 2016 - 15:40 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2016-cı ilin I yarısı üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova cari ildə şöbədə süni intellekt və sosioinformasiya texnologiyaları istiqamətində elektron tibbin formalaşması problemlərinin tədqiq olunduğunu, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənildiyini diqqətə çatdırdı.

M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində elmi tədqiqatların yekunlaşdırıldığını söylədi. Elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri üzrə elmi araşdırmaların davam etdirildiyini bildirdi.

Onun sözlərinə görə, Mexiko Milli Avtonom Universiteti, Türkiyənin Səlcuq Universiteti, Avropa Komissiyası, Avropa Təhsil Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və e-tibb sferasında ixtisaslaşmış assosiasiyalarla beynəlxalq elmi əməkdaşlıq əlaqələri davam etdirilir.

Məruzəçi cari ildə tanınmış elmi jurnallarda 6 məqalənin nəşr olunduğunu, 3 beynəlxalq və 2 respublika səviyyəli nüfuzlu konfransda 16 məruzə ilə iştirak edildiyini söylədi. Bunlardan elektron tibbin mahiyyəti, imkanları və problemləri, tibbi ekspert sistemləri, e-tibb mühitində kadr hazırlığı, elektron fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi, teletibb, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası prosesində İKT-nin rolu və s. kimi müxtəlif məsələlərə həsr olunmuş 11 məruzənin “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransına təqdim edildiyini nəzərə çatdırdı.

O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilmiş işlər haqqında məlumat verdi.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim cari ildə keçirilən “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransının yüksək səviyyədə təşkil edilməsində 15 saylı şöbənin fəaliyyətini xüsusi qeyd etdi. Tədbirin respublikada e-tibbin çoxaspektli problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğuladı və onun elektron tibbin multidissiplinar problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.