İnformasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə araşdırmalar davam etdirilir

28 İyun 2016 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2016-cı ilin I yarısı üzrə hesabatı təqdim olundu. İnstitutun sektor müdiri Rasim Mahmudov şöbədə informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan araşdırmaların davam etdirildiyini bildirdi. Qeyd etdi ki, informasiya cəmiyyətinin formalaşmasının multidissiplinar elmi-nəzəri problemləri, eləcə də “Vahid rəqəmsal bazar” konsepsiyasının reallaşdırılması perspektivləri, Əşyaların İnterneti və sosial medianın aktual elmi-nəzəri problemləri araşdırılır. Elektron dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, intellektual elektron dərsliklərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, elektron dövlət üçün veb-resurslar infrastrukturunun formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənməsi və s. mövzularda elmi-tədqiqatlar aparılır.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açan R.Mahmudov Viki-Mərkəz layihəsi üzrə həyata keçirilmiş tədbirlərdən danışdı. Bildirdi ki, layihə çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qrupların Vikipediyada fəaliyyətlərinin monitorinqi aparılmış, müxtəlif dövlət, elm və təhsil müəssisələri üçün Vikipediya ilə bağlı konsultasiya xidmətləri göstərilmiş, “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” mövzusunda növbəti təlim kurslarına başlanılmışdır. Onun sözlərinə görə, Vikipediya və onun layihələrinin kontent təminatı üzrə işlər, eləcə də Vikipediya ensiklopediyasının populyarlaşdırması və təbliğatı işləri davam etdirilir.

Sektor müdiri hesabat dövründə beynəlxalq və respublika səviyyəli elmi konfranslara 13 tezisin təqdim olunduğunu, Azərbaycanın və qabaqcıl ölkələrin nüfuzlu elmi jurnallarında 9 məqalənin nəşr edildiyini söylədi.

Məruzəçi cari ildə keçiriləcək “Sosial medianın multidissiplinar problemləri” I Respublika elmi-praktiki konfransına hazırlıqla bağlı görülən işləri nəzərə çatdırdı. O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim ölkə rəhbərliyi tərəfindən virtual məkanda milli maraqlarımızın təmin olunması məsələsinə xüsusi diqqət yetirildiyini bildirdi. Vikipediyanın Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti və s. haqqında dolğun və obyektiv informasiyanın dünyaya çatdırılması, ölkənin maddi və mənəvi sərvətlərinə qarşı yönəlmiş informasiya müharibəsinin qarşısının alınmasında mühüm rol oynadığını söylədi. Bu baxımdan Viki-Mərkəzdə təşkil olunan təlim kurslarının önəmini vurğuladı. Vikipediya virtual ensiklopediyasında işləmək üçün zəruri biliklərin toplanaraq kitab halında çap olunmasının vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.