Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır

23 İyun 2016 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2016-cı il üçün yarımillik hesabatı təqdim olundu. Şöbə müdiri Mədinə Səidova bildirdi ki, rəhbərlik etdiyi şöbədə elektron elmin formalaşması problemləri üzrə bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanları və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənməsi istiqamətində elmi-tədqiqatlar davam etdirilir. Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri, e-kitabxanalar və informasiya mədəniyyəti, məhdud imkanlı şəxslərin e-kitabxanalardan istifadəsi, e-kitabxanalar və sosial media kimi mövzular araşdırılır.

Şöbə müdirinin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda elmin cari vəziyyəti barədə hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, informasiya texnologiyaları üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, əməkdaşların elmi əsərlərinin Vikipediyada yerləşdirilməsi ilə əlaqədar işlər həyata keçirilir.

M.Səidova institutun Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verdi. Resursların təsnifatının ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini bildirdi. İnstitut əməkdaşlarının elektron elmi bazalardan istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirildiyini, beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara (ACM, EBSCO, eİFL və s.) üzvlüklə əlaqədar işlərin aparıldığını söylədi, şöbə əməkdaşlarının institutun Viki-Mərkəzində keçirilən təlim kurslarında fəal iştirak etdiklərini diqqətə çatdırdı.

Məruzəçi həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabçaların hazırlanması və s. haqqında məlumat verdi.

Cari ildə institutda keçirilən “Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransının yüksək səviyyədə təşkil edilməsində 12 saylı şöbənin fəaliyyəti xüsusi qeyd olundu. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin nüfuzlu beynəlxalq elmi jurnallarda əksini tapmasının vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.