Robot dünyada ilk dəfə orta məktəbə daxil olub

13 Aprel 2016 - 14:00 | Maraqlı məlumatlar
Robot dünyada ilk dəfə orta məktəbə daxil olub

“Pepper” adlı robot Yaponiyada rəsmən orta məktəbə qəbul edilib. Kibernetik qurğu bundan sonra uşaqlarla birlikdə təhsil alacaq.

tass.ru saytının məlumatına görə, bu münasibətlə məktəbdə tədbir keçirilib. “Pepper” heç vaxt insanların təhsil aldığı məktəbə qəbul olunacağını düşünmədiyini bildirərək var qüvvəsi ilə çalışacağına söz verib.

Yapon və ingilis dillərində danışan robotdan əsasən ingilis dili dərslərində istifadə nəzərdə tutulur. Yaponiyanın “Softbank Corp” mobil rabitə şirkəti tərəfindən hazırlanan “Pepper” hələ ki, bank və mağazalarda müştərilərə xidmət göstərəcək.

İstehsalçılar bildiriblər ki, robot insan emosiyalarını tanımağa imkan verən kamera və sensorlarla təchiz edilib. “Pepper” vəziyyətdən asılı olaraq, zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər. Bundan əlavə, “Pepper” dayə, xəstə baxıcısı və ya adi həmsöhbət funksiyasını yerinə yetirir. Robotu təlimatlandırmaq mümkündür.

Qeyd edək ki, ötən ilin iyun ayında robotun ilk min ədəd nümunəsi 1 dəqiqə ərzində 214 ienə (1,9 min dollar) satılıb.

Robotların istehsalını və tətbiqini fəal şəkildə təşviq edən Yaponiya hökuməti ölkənin dünya iqtisadiyyatının bu sahəsində lider mövqe tutacağına ümid edir. Bu məqsədlə dövlət büdcəsindən kibernetik işçilərdən istifadə edən şirkətlərə subsidiyalar ayrılır.