Şərqi İngiltərə Universitetinin alimləri dodaqdan oxuya bilən maşın təlimi sistemi yaradıblar. Sistem Şanxayda keçirilmiş “ICASSP” konfransında nümayiş etdirilib.
nplus1.ru saytının məlumatına görə, proqramçılar tərəfindən yaradılmış sistem videokameranın köməyilə insanın danışığını izləyir.
Alimlər sistemə dodaqdan oxumağı öyrətmək üçün danışığı iki komponentə bölüblər: fonemlər və onların vizual ekvivalenti olan vizemlər. Əsas çətinlik ondan ibarətdir ki, danışıqda fonemlərdən vizemlərə nisbətən daha çox istifadə edilir, buna görə alimlər ikisəviyyəli iyerarxik struktur yaradıblar.
Mütəxəssislər sistemin işləmək qabiliyyətini iki model (“dil” və “fonem” modeli) üzərində sınaqdan keçiriblər. Hər iki halda sistem sözləri 10-15 faiz, fonemləri isə 25 faizədək dəqiqliklə tanıyır. Alimlərin müşahidəsinə əsasən, bu, əvvəlki nəticələrlə müqayisədə mühüm irəliləyişdir.