Superkompüter insanın ürək-damar sisteminin üçölçülü modelini yaradıb

30 Mart 2016 - 12:48 | Texnoloji yeniliklər
Superkompüter insanın ürək-damar sisteminin üçölçülü modelini yaradıb

ABŞ-ın Dyuk Universitetinin alimləri insanın ürək-damar sisteminin üçölçülü modelini yarada bilən superkompüter hazırlayıblar.

Mütəxəssislər xüsusi proqram təminatının köməyilə minimal diametri 1 mm təşkil edən arteriya və venaların təsvirini əldə ediblər. Ürək-damar sisteminin 3D-printerdə yaradılmış modelində mayenin dövranı insan bədənində qanın dövranından praktiki olaraq fərqlənməyib.

“Alimlər ilk dəfədir ki, insan orqanizminin belə mürəkkəb sisteminin modelini yarada biliblər. Maye plastik damarlardan keçərkən, hətta ürək döyüntüsü də təqlid edilir”, – deyə tədqiqatın rəhbəri Amanda Rendls bildirib.

Təklif edilmiş model XVII əsrin böyük ingilis həkimi, fiziologiya və embriologiyanın banisi və ilk dəfə qan dövranı nəzəriyyəsini isbat etmiş Uilyam Harveyin şərəfinə “Harvey” adlandırılıb.

“Harvey” modelinin əsasında kompüter tomoqrafiyası və pasiyentlərdən birinin maqnit-rezonans tomoqrafiyasının məlumatları dayanır. Modelləşdirmə prosesi Kaliforniyanın Livermor Milli Laboratoriyasında yerləşən 1,6 milyon prosessora malik superkompüterdə baş verib.

Qeyd edək ki, bu superkompüter 17,17 petaflops məhsuldarlığa malik olmaqla, dünyanın ən güclü superkompüterləri onluğuna daxildir.

hi-news.ru