Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Kreativ sənayelərdən faydalanaq: kreativlik və milli inkişaf” mövzusuna həsr olunmuş beynəlxalq seminar keçirilib.
Beynəlxalq seminarın təşkil olunmasında əsas məqsəd kreativ iqtisadiyyat, yəni müəlliflik hüququna əsaslanan iqtisadiyyat, onun müasir dövrdə Azərbaycanda rolu və imkanları barədə fikir mübadiləsinin aparılması olmuşdur. Seminarda “Copyright” (müəllif hüququ) sahəsinin iqtisadi önəmi, onun iqtisadi inkişafdakı əhəmiyyətindən söz açılıb. Müəllif hüququnun, əqli mülkiyyətin dünya miqyasında rolunun artdığı və ölkələrin sosial-iqtisadi, dayanıqlı inkişafının hərəkətverici amilinə çevrildiyi diqqətə çatdırılıb. Bildirilib ki, hazırda Azərbaycanda cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, postneft dövrüdür və bu zaman kəsiyində kreativ iqtisadiyyatın yaratdığı imkanlardan səmərəli istifadə yolları nəzərdən keçirilməlidir. Həmçinin qeyd olunub ki, kreativ iqtisadiyyatın səviyyəsi innovasiya mühitinin əlverişliliyini formalaşdırır və sosial sahənin inkişafını təmin edir. Bu baxımdan kreativ iqtisadiyyat daim Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
Seminarda əqli mülkiyyət üzrə tanınmış ekspert, ÜƏMT Departamentinin direktor müavini və Kreativ sənaye şöbəsinin rəhbəri Dimiter Qantçev “Kreativ sənayelər sosial, iqtisadi artımın və milli inkişafın amili”, Madrid Muxtar Universitetinin İqtisadiyyat kafedrasının müdiri, professor Jose Luiz Zofio “Müəllif hüququ sənayelərinin iqtisadi töhfəsinin təhlili üzrə ÜƏMT-in yenilənmiş bələdçisi – yeni funksiyalar”, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov “Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzularında məruzələrlə çixış ediblər.
Tədbirin kreativ iqtisadiyyatın müasir vəziyyətini təhlil etməklə gələcəkdə milli və dünya iqtisadiyyatının inkişafına töhfələr verilməsinə şərait yaratdığı bildirilib. Qeyd olunub ki, dövlət başçısının dəstəyilə kreativ iqtisadiyyat barədə inkişaf strategiyasının mövcud olduğu Azərbaycanda bu sahənin çoxillik statistikasının məlumat bazası yaradılıb.
Qeyd edək ki, beynəlxalq seminarda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev də iştirak edib. Ə.Əliyev institutda informasiya və biliklərə əsaslanan iqtisadiyyatın formalaşması proseslərinin tədqiq olunduğunu bildirib. Virtual mühitdə müəllif hüquqlarının qorunmasının vacibliyinə toxunaraq kreativ iqtisadiyyatın vəziyyətinin təhlil olunması üçün göstərici, indikator və indekslərin hesablanma metodologiyalarının müasir İKT əsasında həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.