XƏBƏRLƏR

10349

Alman Akademik Mübadilə Xidmətinə ölkəmizdən müraciətlərin sayı çoxalıb

20 Fervral 2014 - 10:44 | Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin direktoru Nikola Uliş (Nicola Ullisch) ilə görüş keçirildi. Məqsəd institutla DAAD arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi. 

Öncə N.Uliş təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verdi. Bildirdi ki, Almaniyanın dövlət qurumu olan DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan DAAD Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərmişdir. Qeyd etdi ki, qurumun əsas vəzifəsi tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdən ibarətdir. 

İnformasiya Texnologiyaları İnstitutunda ötən ilin sentyabr ayında keçirilmiş “Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminarın əhəmiyyətindən danışan qonaq, məhz bu görüşdən sonra ölkəmizdən DAAD-a müraciət edən gənc alim və tədqiqatçıların sayının artdığını vurğuladı. 

Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olundu. Həmçinin azərbaycanlı gənc alimlər üçün növbəti təlim seminarının keçirilməsi qərara alındı. Bildirildi ki, əsas məqsəd alim və tədqiqatçıları bu proqramlarda iştirak etmək üçün qoyulan tələblər, elmi-tədqiqatın ilkin layihəsinin hazırlanması qaydası, layihələrin növləri, əsas tədqiqat sahələri və s. ilə yaxından tanış etməkdir.