İnstitutun şöbə müdiri “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” respublika elmi konfransında iştirak edib

11 Mart 2016 - 14:00 | Konfranslar, İclaslar

Martın 10-da Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanın görkəmli iqtisadçı alimi, iqtisad elmləri doktoru, professor, dövlət mükafatı laureatı Şamil Səmədzadənin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” respublika elmi konfransı keçirilib.

Konfransı giriş nitqi ilə AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq uzun illər bu universitetdə işləmiş görkəmli alim Şamil Səmədzadənin elmi-pedaqoji fəaliyyəti və iqtisadiyyat elminə verdiyi töhfələrdən bəhs edib.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, professor Akif Musayevin “Azərbaycanda iqtisadiyyatın riyazi və instrumental üsullarının inkişaf mərhələləri”, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun “Respublikada innovasiya probleminin tədqiqində professor Şamil Səmədzadənin rolu”, Azərbaycan İqtisadçılar İttifaqı sədrinin müavini, dosent Elşad Səmədzadənin “Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatıdır” mövzularında məruzələri dinlənilib.

Konfransdakı məruzə və çıxışlarda ölkəmizin ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı professor Şamil Səmədzadənin apardığı tədqiqatlar və əldə olunmuş mühüm elmi nəticələr haqqında ətraflı məlumat verilib. Ş.Səmədzadənin respublikada iqtisadi tədqiqatlarda hesablama texnikasının tətbiqinin əsasını qoyan ilk aparıcı alimlərdən olduğu qeyd edilib.

Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Milli Məclisin üzvü, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev, AzTU-nun Tədris işləri üzrə prorektoru, dosent Xalıq Yahudov və digərləri Şamil Səmədzadənin elmi yaradıcılığı və fəaliyyəti barədə fikirlərini səsləndirib, onunla bağlı xatirələrindən bəhs ediblər.

Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkənin mövcud resurslarından yararlanmaqla, iqtisadiyyatın dinamik inkişafını təmin edən prinsipial məsələlərdən və Azərbaycan dövlətinin bu problemlərin həllindəki rolundan danışıb.

Qeyd edək ki, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev də iştirak edib. Bölmə iclasında “İnnovasiya və biliklər iqtisadiyyatının formalaşması problemləri” haqqında məruzə ilə çıxış edən Ə.Əliyev institutda yerinə yetirilən innovativ xarakterli tədqiqatlar barədə məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.