“Elektron elm” konsepsiyası çərçivəsində böyük həcmdə eksperimental verilənlərin, müxtəlif elmi nəşrlərin, görülən işlər haqqında hesabatların və s. sayı artır. Nəticədə böyük həcmli verilənlər və onun mühüm tərkib hissələrindən olan elmi verilənlər problemləri aktuallaşır. Bu da öz növbəsində yeni bir elm sahəsinin – verilənlər haqqında elmin (Data science), həmçinin “Big Data”, “Big Data analytics”, “Data science”, “Datalogy”, “Data scientist”, “Data-intensiv science” kimi yeni terminlərin yaranmasına səbəb olmuşdur.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Təhmasib Fətəliyev bildirib. Qeyd edib ki, mürəkkəb bir sistem olan e-elm infrastruktur, verilənlərin generasiyası, toplanılması, saxlanılması, emalı, analizi, ötürülməsi və s. kimi tərkib hissələrindən ibarətdir. E-elmə vahid bir sistem kimi baxıldıqda isə onun Big Data da daxil olmaqla, müxtəlif alt sistemlərdən təşkil olunduğunu görmək mümkündür.
“E-elmin müxtəlif elm sahələrinə tətbiqi böyük həcmli elmi verilənlərin sürətlə artmasında “generator” rolunu oynayır”, – deyə bildirən T.Fətəliyevin sözlərinə görə, dünyada ən böyük eksperimental qurğu olan Böyük Adron Kollayderi – yüklü hissəciklərin sürətləndiricisini buna misal göstərmək olar. Kollayder Avropa Nüvə Tədqiqatları Mərkəzində (frans. Conseil Européen pour la Recherche Nucléaire – CERN) tikilib. Hissəciklərin toqquşması kollayderin detektorlarında milyonlarla sensorlar vasitəsilə qeyd olunur və nəticədə böyük həcmdə verilənlər yaranır. 2010-cu ildə təcrübələr zamanı toplanmış verilənlərin həcmi 13 Petabayt olub. İndi isə informasiyanın həcmi saniyədə 1 Gbaytı ötür. Aydındır ki, bu kimi böyük həcmli informasiyanın toplanılması və emalını adi hesablama-yaddaş vasitələri ilə həyata keçirmək mümkün deyil. Belə ki, CERN-də ilkin filtrasiyadan sonra ildə 25 Petabayta qədər verilənlər saxlanılır. Böyük həcmli verilənlərin analizi üçün paylanmış kompüter şəbəkə texnologiyasından (Grid) istifadə olunur. CERN-in “ATLAS” layihəsində ölkəmizi təmsil edən AMEA Fizika İnstitutu 2008-ci ildən iştirak edir, onun grid infrastrukturu yaradılıb və bu grid seqmenti GEANT Avropa şəbəkəsinə qoşulub.
Bundan əlavə, astrofizika sahəsində tanınmış SETI (Search for Extraterrestrial Intelligence) layihəsi radioteleskopdan alınan verilənlərin paylanmış emalı vasitəsilə yerdənkənar sivilizasiyaları axtarır. Layihədə böyük həcmdə radiosiqnalların emalında istifadə olunan kompüterlərin ümumi gücü “Top 500”ə daxil olan superkompüterlərin gücündən dəfələrlə çoxdur.
2000-ci ildə başlanmış SDSS (Sloan Digital Sky Survey) layihəsi çərçivəsində səmanın rəqəmsal astronomik müşahidələri zamanı (sutkada 200 Gb-a yaxın yığım sürəti ilə) toplanmış verilənlərin həcmi hazırda 140 Terabaytı ötüb.
Həmçinin LSST (Large Synoptic Survey Telescope) böyük müşahidə teleskopu göyün əlçatan hissəsinin çəkilməsi üçün nəzərdə tutulub. Müşahidə zamanı toplanan verilənlərin həcminin (sutkada 15 Terabayt olmaqla) 10 il ərzində 60 Petabayta çatması gözlənilir. Hesablama gücünün isə 150 Teraflopsdan başlayaraq 950 Teraflopsa çatdırılması planlaşdırılır.
T.Fətəliyev fəaliyyəti ilə Big Data problemlərinin həllində mühüm rol oynayan beynəlxalq təşkilat və qurumlardan söz açaraq Elm üzrə Beynəlxalq Şura (International Council for Science – ICSU) haqqında ətraflı məlumat verib. Bildirib ki, şura alimlərin beynəlxalq elmi fəaliyyətinin genişlənməsi, beynəlxalq elmi birliklərin fəaliyyətinin əlaqələndirilməsi, sahələrarası qlobal xarakterli elmi proqramların işlənilməsi və tədqiqatların aparılması üçün şərait yaradır. Üzvləri 142 ölkəni təmsil edən 122 elmi qurum və 31 beynəlxalq elmi birlik olan şura UNESCO-nun yanında məsləhətçi statusuna malikdir. Şuranın elmi verilənlərə universal və bərabərhüquqlu çıxışın təmin edilməsi və onların daha yaxşı idarə edilməsi üçün yaradılmış Elmi informasiya və Verilənlərin sahə üzrə qiymətləndirilməsi Paneli, İnformasiya və Verilənlər üzrə Strateji Komitəsi, İnformasiya və Verilənlər üzrə Strateji Əlaqələndirmə Komitəsi Dünya Verilənlər Sisteminin (World Data System – WDS) inkişafında mühüm rol oynayıb.
Elm və Texnologiya üçün Məlumat Komitəsi (Committee on Data for Science and Technology – CODATA) ICSU-nun sahələrarası komitəsidir və onun fəaliyyətinin əlaqələndirilməsi, qlobal xarakterli problemlərin işlənilməsi və tədqiqatların aparılmasına köməklik göstərir. Elm və texnologiyanın bütün sahələri üzrə verilənlərin idarə olunması və əlyetərliyinin təmin edilməsi komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Komitənin 2002-ci ildən “Data Science Journal”ı nəşr olunur. 2014-cü ildə CODATA tərəfindən ICSU-nun maliyyələşdirdiyi beynəlxalq əməkdaşlıq elmi proqramlarına dəstək üçün “Beynəlxalq elmi proqramlar üçün data: problemlər və perspektivlər” seminarı təşkil olunub. Seminarda “Beynəlxalq elmi proqramlar üçün Big Data: tövsiyələr və tədbirlər haqqında” yekun bəyannamə qəbul edilib. Bəyannamədə beynəlxalq elmi proqramlar üçün Big Data sahəsində tematik tədqiqatların artırılması, elm sahələri üzrə Big Data həllərinin mübadiləsinin təbliği, böyük verilənlər üçün siyasi, etik və hüquqi məsələlərin, o cümlədən idarəçilik və sabitlik problemlərinin tədqiqinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunur.
“Avropa Birliyinin yeni tədqiqat və innovasiya proqramı “Horizon 2020” də bu baxımdan diqqətəlayiqdir. Proqram çərçivəsində iqlim, enerji, qida, səhiyyə, nəqliyyat, təhlükəsizlik və ictimai elmlər sahələrində ən mühüm ictimai problemlərin həlli nəzərdə tutulur. Bu sahələrin hər birində böyük həcmli verilənlərin toplanılması, inteqrasiyası, emalı, təhlili və vizuallaşdırılması mühüm rol oynayır. Proqramın maliyyələşdirdiyi “Big Data Europe” layihəsinin məqsədi bu məsələlərin həlli üçün açıq “Hadoop”, “Cassandra” və “Storm” kimi Big Data texnologiyaları əsasında yeni platformanın işlənilməsidir”, – deyə şöbə müdiri bildirib.
O, həmçinin böyük verilənlərin emalı prosesində superkompüter, hesablama klasterləri, grid və bulud texnologiyalarının tətbiqi imkanları haqqında məlumat verib. Təqdim olunan araşdırmaların Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1) maliyyə dəstəyi ilə yerinə yetirildiyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.