Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılacaq

12 Fevral 2016 - 11:00 | Konfranslar, İclaslar
Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılacaq

Elektron elmin formalaşması problemləri istiqamətində bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi nəzərdə tutulur. Bu haqda şöbə müdiri Mədinə Səidova rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi. Qeyd etdi ki, cari ildə şöbədə gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri, eləcə də ictimai və humanitar elmlər üzrə aparılan tədqiqatlarda İKT-nin tətbiqi perspektivləri araşdırılacaq.

Şöbə müdirinin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, əməkdaşların elmi əsərlərinin “Vikipediya”da yerləşdirilməsi ilə əlaqədar işlər həyata keçirilir.

M.Səidova Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlər haqqında məlumat verdi. Resursların təsnifatının ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, institut əməkdaşlarının elektron elmi bazalardan istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, IEEE rəqəmsal bazası və onun “MyComputer” xidmətinə üzvlüklə əlaqədar işlərin aparılması nəzərdə tutulur.

Məruzəçi institut əməkdaşları üçün ACM, IEEE kimi rəqəmsal kitabxanalardan, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq EBSCO, EIFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyini söylədi.

Şöbə müdiri “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransının təşkili işləri haqqında da məlumat verdi. Həmçinin şöbə əməkdaşlarının elmi-texniki konfranslarda iştirakı, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən danışdı.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim bibliometriyanın və gələcək nəsil e-kitabxanaların elmi-nəzəri əsaslarının dərindən araşdırılması, bu sahələrdə mövcud beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd etdi. Viki-Mərkəzdə elmi əsərlərin “Vikipediya”ya daxil edilməsi və viki-layihələr üzrə zəruri biliklərin şöbənin əməkdaşları tərəfindən tədrisi ilə bağlı treninqlərin keçirilməsinin bu sahələr üzrə peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğuladı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.