“Apple” məlumatların ötürülməsində işıq şüalarından istifadəyə əsaslanan texnologiyanı sınaqdan keçirir

22 Yanvar 2016 - 12:00 | Maraqlı məlumatlar
“Apple” məlumatların ötürülməsində işıq şüalarından istifadəyə əsaslanan texnologiyanı sınaqdan keçirir

“Apple” şirkəti məlumatların ötürülməsində görünən işıq şüalarından istifadəyə əsaslanan “Li-Fi” texnologiyasını sınaqdan keçirir. Bu yaxınlarda “iOS 9” mobil əməliyyat sisteminin son versiyasında “Li-Fi” texnologiyasından istifadə edilib.

Qeyd edək ki, “Li-Fi” 2011-ci ildə Edinburq Universitetinin professoru Harald Haas tərəfindən təqdim edilib. Bu texnologiya hazırda geniş yayılmış “Wi-Fi”dan fərqli olaraq məlumatların ötürülməsində radio dalğalarından deyil, işıq şüalarından istifadə edir.

vesti.ru saytının məlumatına görə, yeni texnologiyanın köməyi ilə məlumatların ötürülməsi üçün stolüstü çıraq, avtomobil farası və ya adi lampa istifadə edilə bilər.

Tədqiqatçılar 4 il əvvəl laboratoriya şəraitində sınaqdan keçirilmiş “Li-Fi” texnologiyasında rekord göstəriciyə – saniyədə 224 Gbit sürətə nail olublar. Ötən ilin sonunda isə ilk dəfə real şəraitdə test edilən texnologiyada 1 Gbit/san sürət qeydə alınıb ki, bu da orta statistik “Wi-Fi” (təqribən 10 Mbit/s) şəbəkəsindən 100 dəfə yüksəkdir.

Yaxın gələcəkdə “Wi-Fi” şəbəkəsinin “Li-Fi” texnologiyası ilə əvəz olunması gözlənilir.