AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, sektor müdiri Məmməd Rəşidov, böyük elmi işçi Məmməd Həşimov və mühəndis Tural Mustafayev superkompüter texnologiyalarının yaradılması və tətbiqi problemlərinə həsr olunmuş IV Milli Superkompüter Forumunda (MSKF) iştirak ediblər.
24-27 noyabr 2015-ci il tarixlərdə keçirilmiş forum Rusiya Elmi Təşkilatlarının Federal Agentliyi və Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və İnformasiya Texnologiyaları Bölməsinin dəstəyi ilə keçirilib. Forum çərçivəsində plenar iclas, elmi-praktiki konfrans, sərgi, “dəyirmi masa” və treninqlər, media-tur kimi tədbirlər keçirilib.
Tədbirdə superkompüter sferası ilə bağlı bütün aspektlər, o cümlədən superkompüterlərin yaradılması, istehsalı, tətbiqi və istismarı, element bazası, aparat vasitələri və infrastruktur həlləri, sistem proqram təminatı, proqramlaşdırma sistemləri və aralıq səviyyə proqram təminatı, superkompüter servisləri və superkompüter texnologiyalarının tətbiqləri, superkompüter sənayesinin təşkilati və dövlət dəstəyi məsələləri diqqət mərkəzində olub.
Forumun seksiya iclaslarında tex.f.d. Y.İmamverdiyev “Dünya ölkələrinin Big Data strategiyaları” və “Neft-qaz sənayesi üçün Big Data texnologiyalarının perspektivləri və problemləri” adlı məruzələrlə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.