Müasir dövrdə səhiyyə sisteminin elmi və elmi-innovativ təminatının konseptual məsələləri mühüm əhəmiyyət kəsb edir. Səhiyyə sahəsinin informasiya təminatının fasiləsiz analizi, qiymətləndirilməsi və proqnozlaşdırılmasının elmi-metodoloji əsaslarının işlənilməsi vacib məqamlardandır. Bu baxımdan səhiyyənin elektronlaşdırılması probleminin elmi əsaslandırılmış həlli üçün konseptual yanaşmanın işlənilməsi alimlər qarşısında duran aktual məsələdir. Bu haqda institutun illik hesabat iclasında şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova bildirib.
Rəhbərlik etdiyi şöbənin hesabatını təqdim edən M.Məmmədova cari ildə elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması konsepsiyasının işlənilməsi ilə bağlı tədqiqatların aparıldığını, elektron mühitdə fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi problemlərinin araşdırıldığını, təkliflərin verildiyini söyləyib.
M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində də tədqiqatların aparıldığını bildirib. Məruzəçi həmçinin insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənilməsi ilə bağlı işlərin aparıldığını söyləyib: “Bu məqsədlə elektron dövlətdə insan resurslarının formalaşması, onların idarə olunması sistemlərində fərdi məlumatların informasiya təhlükəsizliyi, bu resursların idarə olunması üçün qərarların qəbulunun intellektual dəstəklənməsində testoloji yanaşma metodlarının tədqiqi istiqamətində uğurlu nəticələr əldə olunmuş və nüfuzlu elmi jurnallarda öz əksini tapmışdır”.
M.Məmmədova yeni təhsil üsullarının üstünlüklərindən də danışıb. O, tədris prosesinin təşkili üçün avtomatlaşdırılmış distant təlim sistemi olan elektron universitetin yaradılmasının informasiya cəmiyyətinin tələblərindən olduğunu qeyd edib. Məruzəçi elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsinin şöbənin əsas fəaliyyət istiqamətlərindən olduğunu söyləyib: “Bu məqsədlə e-universitetlərdə virtual təhsil məkanının əsas inkişaf istiqamətləri, e-universitetin intellektual idarə olunmasının konseptual əsaslarının işlənilməsi və s. istiqamətdə tədqiqatlar aparılır”.
Tədbirdə elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət və s. ilə bağlı görülən işlər haqqında da məlumat verilib. Şöbə müdiri cari ildə aparılan elmi-tədqiqat və innovasiya işlərindən əldə olunan nəticələrin beynəlxalq və respublika səviyyəli nüfuzlu konfrans və simpoziumda müzakirə olunduğunu və tanınmış jurnallarda nəşr olunmuş 11 məqalədə öz əksini tapdığını diqqətə çatdırıb.
Elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən də söz açan M.Məmmədova cari ildə Mexiko Milli Avtonom Universiteti, Türkiyə Selcuk Universiteti, Avropa Komissiyası və Avropa Təhsil Fondu ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.
M.Məmmədova şöbə əməkdaşlarının elmmetrik göstəriciləri haqqında məlumat verərək bildirib ki, hesabat ilində elmi əsərlərə 137 istinad qeydə alınıb.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.