Plastik kart ölçüsündə superkompüter təqdim edilib

12 Noyabr 2015 - 10:00 | Texnoloji yeniliklər
Plastik kart ölçüsündə superkompüter təqdim edilib

“NVIDIA”nın prezidenti Cen-San Xuan bildirib ki, hazırda süni intellekt və maşınlimi sahəsi üzrə tədqiqatlar şirkətdə çalışan mühəndislərin diqqət mərkəzindədir. Bu günlərdə şirkət tərəfindən hazırlanmış süni intellektin hesablanması üçün “Jetson TX1” adlı kiçikölçülü superkompüter təqdim edilib.

hi-news.ru saytının məlumatına görə, ölçüsü 50x87 mm olan yeni kompüter plastik kredit kartını xatırladır. “Jetson TX1” superkompüteri 1 teraflops məhsuldarlığa malik 256 nüvəli “Maxwell GPU” və 64 bitlik “ARM A57” prosessorları, Wi-Fi modulları, həmçinin 4 Gb əməli yaddaş və 16 Gb daxili yaddaşla təchiz edilib. 2016-cı ilin birinci rübündə satışa çıxarılacaq qurğunun qiyməti 299 ABŞ dolları təşkil edəcək.

Cen-San Xuan hesab edir ki, şirkətdə hazırlanan yeni avadanlıq, həmçinin proqram təminatı maşın təliminin təcrübədə tətbiqini xeyli sadələşdirə və sürətləndirə biləcək.