İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar sahəsində bir sıra modellərin işlənməsi nəzərdə tutulur

24 Yanvar 2014 - 16:00 | Konfranslar, İclaslar
İnformasiya təhlükəsizliyi və biometrik texnologiyalar sahəsində bir sıra modellərin işlənməsi nəzərdə tutulur

Bu fikirləri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2014-cü il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı səsləndirib. Bildirib ki, hazırda şöbədə informasiya təhlükəsizliyi və biometrik texnologiyalar istiqamətində 8 mövzu üzrə elmi-praktiki tədqiqatlar aparılır. 

İl ərzində bu tədqiqatlar çərçivəsində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə bir sıra metod və modellərin işlənməsi, bu sahədə təşkilatlararası koordinasiya modelinin işlənməsi, ekstremal informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və e-dövlət infrastrukturuna kiber-hücumların proqnozlaşdırılması metodlarının işlənməsi nəzərdə tutulur. 

Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənməsi, şəbəkə təhlükəsizliyinin monitorinqi üçün intellektual sistemin işlənməsi, bulud texnologiyalarının informasiya təhlükəsizliyi problemləri, veb-təhlükəsizlik və milli informasiya məkanında fərdi məlumatlar seqmentinin intellektual idarəetmə sistemi üçün bir sıra modellərin işlənməsi istiqamətlərində araşdırmalar aparılacaq. 

Şöbədə 2007-ci ildən biometrik texnologiyaların müxtəlif sahələri üzrə elmi tədqiqatların aparıldığını qeyd edən Y.İmamverdiyev 2014-cü ildə də bu istiqamətdə araşdırmaların davam etdiriləcəyini vurğuladı. 

Alim şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, bu il AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. 

Həmçinin səsə görə şəxsin tanınması sisteminin prototipinin hazırlanması, qrant layihələrinin yerinə yetirilməsi, informasiya təhlükəsizliyi üzrə biliklərin kommersiyalaşdırılması üzrə işlərin aparılması nəzərdə tutulur. 

Y.İmamverdiyev 2014-cü ildə şöbə əməkdaşları tərəfindən 30-a yaxın məqalənin nüfuzlu elmi jurnallarda, o cümlədən 10-dan çox məqalənin SCİ reyestrinə daxil olan jurnallarda nəşr olunmasının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırdı. 

Şöbənin Cənubi Koreyanın Seul Dövlət, Yonsey və Koreya Universitetləri ilə mövcud elmi əməkdaşlıq əlaqələrinin bu il də davam etdiriləcəyini vurğulayaraq, Koreya İnternet və Təhlükəsizlik Agentliyi (KISA) ilə pilot əməkdaşlıq layihəsinin həyata keçirilməsi, TERENA təşkilatının CERT üzrə təlimlərində iştirakı kimi perspektiv işlərdən söz açdı. 

Qeyd etdi ki, istedadlı gənclərin informasiya təhlükəsizliyi sahəsində müvafiq ixtisaslara yönləndirilməsi və bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə 2014-cü ildə hər ay www.sciencecert.az veb-saytında kriptoqrafiya üzrə müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ali məktəb tələbələri arasında informasiya təhlükəsizliyi üzrə yarışların təşkil edilməsi də planlaşdırılır. 

Elmi şura üzvləri çıxışla bağlı irad və təkliflərini bildirdilər, plan qəbul olundu.