AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “Veb-analitika: yaranma tarixi, standartları, problemləri, inkişaf perspektivləri” mövzusuna həsr olunmuşdur. Məruzəni təqdim edən proqramçı Könül Daşdəmirova veb-analitika, yaranma tarixi, standartları, metodları, alətləri və s. haqqında ətraflı məlumat verib. Veb-analitikanın əsas məqsədlərindən danışan məruzəçi burada əsas məsələlərdən birinin də veb-saytların monitorinqinin aparılması olduğunu söyləyib.
Veb-analitikanın 2000-ci ildən inkişaf etməyə başladığını söyləyən məruzəçi bu sahədə daim yeni üsulların təklif edildiyini qeyd edib. “Bu yeniliklərdən biri də istilik xəritələrinin tətbiqidir”, – deyən K.Daşdəmirova xəritələrin rənglərin köməyi ilə veb-səhifələrə müraciətlər və onların sayını təsvir etdiyini diqqətə çatdırıb.
Veb-analitika alətlərinin (sayğaclar və loq-analizatorlar) köməyilə veb-saytda öz əksini tapmış məlumatların bir sıra parametrlər üzrə öyrənilməsi, saytın strukturunda mövcud olan nöqsanların aşkarlanmasının mümkünlüyünü qeyd edib. Məruzəçi veb-analitika üçün istifadə olunan sayğacların üstünlükləri və çatışmazlıqlarından da söz açıb.
O, həmçinin məşhur veb-analitiklər, veb-analitikaya dair nəşr və konfranslar haqqında məlumat verib.
Sonda müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.