Yüksək məhsuldarlığa malik kvant kompüteri təqdim olunub

24 Avqust 2015 - 10:50 | Maraqlı məlumatlar
Yüksək məhsuldarlığa malik kvant kompüteri təqdim olunub

“D-Wave Systems” şirkəti məhsuldarlığı ənənəvi kompüterlərin müvafiq göstəricisini 600 dəfə qabaqlayan “D-Wave 2X” kvant kompüterini istifadəyə verib.

“D-Wave 2x” sözügedən şirkət tərəfindən yaradılmış üçüncü kvant kompüteridir və min kubitdən ibarətdir: bu göstərici əvvəlki modeldən iki dəfə yüksəkdir. Bundan başqa, yeni kompüter əvvəlki ilə müqayisədə iki dəfə daha az səslə, “15 millikelvindən aşağı temperaturda işləyir.

lenta.ru saytının məlumatına görə, şirkət tərəfindən ixtisaslaşdırılmış proqram təminatı ilə keçirilmiş sınaqların nəticələrinə əsasən, yeni qurğu ənənəvi kompüterlə müqayisədə optimallaşdırma məsələlərini 600 dəfə daha sürətli həll edir.

Qərargahı Kanadada yerləşən “D-Wave Systems” şirkəti hazırda dünyada hazırladığı kvant kompüterlərini satan yeganə şirkətdir. “Google” və “NASA” bu şirkətin müştərisidir. Qeyd edək ki, kvant kompüteri ənənəvi kompüterdən fərqli olaraq kvant mexanikasının qanunları əsasında işləyir. Belə ki, kvant kompüterində hesablamalar kubitlərdən istifadəyə əsaslanır.