İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənilib

14 İyul 2015 - 10:00 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 15 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği, beynəlxalq elmi əməkdaşlıq, elmi-təşkilati fəaliyyət və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində qeyri-səlis modelləşdirmə əsasında qeyri-müəyyənlik şəraitində İT mütəxəssislər bazarında tələb və təklifin intellektual texnologiyalar əsasında uyğunlaşdırılması model və metodlarının işlənildiyini və bu istiqamətdə tədqiqatların artıq yekunlaşdırıldığını bildirib. Məruzəçi bu tədqiqatların şöbənin dissertantı Faiq Məmmədzadənin namizədlik dissertasiyası çərçivəsində aparıldığını və işin bu ilin sonuna kimi müdafiəyə təqdim olunacağını diqqətə çatdırıb.

Alim, həmçinin biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən danışaraq Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə şöbənin dissertantı Hüseyn Qasımovun namizədlik dissertasiyası çərçivəsində apardığı tədqiqatların vəziyyəti barədə məlumat verib.

M.Məmmədova bildirib ki, insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənilməsi şöbənin elmi-fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə şöbənin baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın elmlər doktorluğu dissertasiya işi çərçivəsində apardığı tədqiqatların nəticələri nüfuzlu beynəlxalq jurnallarda nəşr olunmuş və konfranslarda müzakirəyə çıxarılmışdır.

Məruzəçinin sözlərinə görə, Azərbaycanda elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması konsepsiyasının işlənilməsi günün vacib tələblərindəndir. Cari ildə şöbədə elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması istiqamətində araşdırmalara başlanılmış və müvafiq konsepsiyanın işlənilməsi çərçivəsində elektron tibbin bir sıra elmi istiqamətləri müəyyənləşdirilmişdir. Alınan nəticələr konfranslarda və jurnallarda öz əksini tapmışdır.

M.Məmmədova cari ildə aparılan elmi-tədqiqat və innovasiya işlərindən alınan elmi nəticələrin 7 beynəlxalq və respublika səviyyəli nüfuzlu konfrans və simpoziumda müzakirəyə çıxarıldığını, 10 nüfuzlu jurnalda nəşr edildiyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.