Dubayda 3D-printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi 185 kv.m təşkil edən birmərtəbəli tikili hündürlüyü 6 metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə ediləcək.
Çinin binaların inşasını həyata keçirən ilk şirkəti olan “Winsun” bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan bu layihədə iştirak edəcək. 2015-ci ilin əvvəlində şirkət 3D-printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və villa təqdim edib.
Üçölçülü printerlər ənənəvi bina tikintisi ilə müqayisədə tikinti müddətini 50-70 faiz, iş xərclərini isə 50-80 faiz azaltmağa imkan verir.