Cənubi Koreyanın KT telekommunikasiya şirkəti Wi-Fi qoşulma ilə LTE şəbəkələrini özündə birləşdirəcək dünyanın ən sürətli Giga-LTE mobil şəbəkəsini kommersiyalaşdıracağını bəyan edib. Yeni texnologiya istifadəçilərə giqabitlərlə ölçülən İnternetə çıxış sürətitəklif etməklə, onları 5G - yeni nəsil şəbəkə standartına bir addım daha da yaxınlaşdırır.
mediasat.info saytının bildirdiyinə görə, yeni şəbəkə xidməti saniyədə 1,17 giqabit sürətini təmin edir ki, bu da adi LTE şəbəkələrinin sürətindən 15 dəfə, üçdiapazonlu LTE-Advanced şəbəkələrinin sürətindən 4 dəfə çoxdur.
Şirkətdən bildirilənə görə, istifadəçilər 18 giqabayt tutumlu Ultra HD formatında filmləri təxminən 126 saniyəyə, ümumi tutumu 3 Gb olan 100 musiqi faylını isə 21 saniyəyə yükləyə biləcəklər. Mövcud üçdiapazonlu LTE-Advanced şəbəkələrində 1 giqabayt tutumlu faylların yüklənməsinə minimum 28 saniyə, genişzolaqlı LTE-Advanced şəbəkələrində 38 saniyə tələb olunur.
Yeni şəbəkə xidməti artıq bu həftədən Samsung Galaxy S6 və Samsung S6 Edge istifadəçilərinə göstərilməyə başlayacaq və tədricən ondan digər smartfon istifadəçiləri də yararlana biləcəklər. İstifadəçilər Giga-LTE xidmətinə mobil qurğulara pulsuz proqram təminatı quraşdırmaqla keçə biləcəklər.
KT “Samsung Electronics” ilə birlikdə Giga-LTE-nin yaradılması üzərində ötən ilin sentyabrından iş aparır.