AMEA Rəyasət Heyətində Tallin Universitetinin (Estoniya) İnformasiya Tədqiqatları İnstitutu bölməsinin professoru Sirje Virkus və dosenti Aira Lepik ilə görüş keçirildi. Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik-katibi professor Rasim Əliquliyev, institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və institutun dissertantı Sahib Kazımov da iştirak edirdilər. 

Öncə prof. R.Əliquliyev ölkədə informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən məqsədyönlü işlərdən və dövlət siyasətinin əsas hədəflərindən söhbət açdı. Alim İTİ-nin əsas fəaliyyət istiqamətlərinin informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemlərinin araşdırılması olduğunu bildirdi. 

S.Virkus təmsil etdiyi elmi qurumun fəaliyyəti haqqında məlumat verərək İnformasiya Tədqiqatları İnstitutunda informasiya və kommunikasiya elmi sahəsində bakalavr, magistr və doktorantura proqramlarının həyata keçirildiyini bildirdi. Qurumun informasiya və bilik idarəçiliyi, rəqəmsal kitabxanalar və elmi təşkilatlarda informasiyanın idarəolunması kimi istiqamətlərindən söz açdı. 

Sonra Tallin Universitetinin İnformasiya Tədqiqatları İnstitutu ilə AMEA İTİ arasında elm, təhsil və tədqiqat sahəsində əməkdaşlığa dair müqavilə imzalandı. Sənəddə müvafiq sahədə birgə konfrans və seminarların təşkili, innovativ layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb.

Görüşdə həmçinin AMEA ilə Estoniyanin müxtəlif elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.