AMEA İdarəetmə Sistemləri İnstitutunun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

22 May 2015 - 12:45 | Konfranslar, İclaslar

22 may 2015-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Yığıncaqda xarici qonaqlar, dövlət rəsmiləri, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvləri, AMEA-nın və respublikanın ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə İSİ-nin 50 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. İnstitutun fəaliyyət göstərdiyi müddətdə texnoloji proseslərin riyazi modelləşdirilməsi, idarəetmə sistemləri və informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemlərinin həlli və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində real nəzarət və idarəetmə sistemlərinin yaradılması və tətbiqi istiqamətində akademiyanın aparıcı elmi-tədqiqat müəssisələrindən biri kimi nüfuz qazandığını bildirdi.

Akademikin sözlərinə görə, institutun fəaliyyətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və yeni prioritet elmi istiqamətlərə uyğunlaşdırılması məqsədilə AR Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli qərarı ilə “Kibernetika İnstitutu”nun adı dəyişdirilərək “İdarəetmə Sistemləri İnstitutu” adlandırılmışdır.

A.Əlizadə həmçinin institutun Azərbaycanda informatika elminin təşəkkülü və bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz rola malik olduğunu qeyd etdi.

Sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev çıxış edərək İSİ-nin (Kibernetika İnstitutu) 1965-ci ildə təsis edildiyini bildirdi, strateji əhəmiyyətli və elmtutumlu problemlərin araşdırılmasına həsr edilmiş elmi-tədqiqatların yüksək nəzəri səviyyədə yerinə yetirilməsinin institutun əsas hədəflərindən olduğunu diqqətə çatdırdı. İnstitutun elmi-təşkilati fəaliyyətindən söz açan alim burada “İdentifikasiya nəzəriyyəsi”, siqnalların emalı, riyazi modelləşdirmə, optimallaşdırma, süni intellekt, müxtəlif təyinatlı və səviyyəli intellektual informasiya sistemləri, neftqazçıxarma, neftemalı, nəqliyyat, energetika, həmçinin tikinti sahələrini əhatə edən paylanmış intellektual monitorinq və diaqnostika sistemləri kimi bir çox fundamental problemlərin tədqiq edildiyini söylədi.

T.Əliyev institutda aparılan elmi-tədqiqat işlərinin AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” haqqında sərəncama uyğun elmi proqramlar əsasında formalaşdırıldığını nəzərə çatdırdı.

Akademik həmçinin İSİ-nin ABŞ, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Türkiyə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd etdi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çıxış edərək elmi fəaliyyətə məhz İSİ-də başladığını və burada yaradılmış elmi mühit sayəsində mütəxəssis kimi formalaşdığını diqqətə çatdırdı. Böyük elmi məktəb kimi dəyərləndirdiyi institutun yetirməsi olması ilə qürur duyduğunu dilə gətirdi. TQDK-nın kadr potensialının institutun keçmiş işçilərindən təşkil edildiyini və bunun təşkilatın uğurlu fəaliyyətinin başlıca səbəblərindən olduğunu söylədi.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirdi ki, may ayında Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr edilmiş tədbirdə Azərbaycanın Qızıl Tərəfdaş kimi çıxış etməsi, Azərbaycanda Telefon Rabitəsinin yaradılmasının 134 illiyinin və İSİ-nin 50 illik yubileyinin qeyd olunması Azərbaycanın yalnız nefti ilə deyil, həm də elmi, texnoloji potensialı və digər sahələri ilə dünyada öz yerini tutan ölkələrdən biri olduğunu sübut edir. O, nazirlik ilə AMEA-nın institutları arasında fəal əməkdaşlıq əlaqələrinin davam etdiriləcəyini vurğuladı.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğı, AR Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində elmi nailiyyətlərin əldə olunmasına geniş imkanlar yarandığını və hazırda Azərbaycan Respublikasının BTİ-nin monitorinq cədvəlində aparıcı ölkələr sırasına daxil olduğunu diqqətə çatdırdı.

Qeyd etdi ki, İSİ-nin 50 illik yubileyi Azərbaycanda informatika elminin tarixi əsaslara söykəndiyinin sübutudur. İnstitutun yarandığı ilk illərdən gənc elmi kadrların seçilərək Moskva, Kiyev, Novosibirsk və digər şəhərlərə göndərilməsi, orada qabaqcıl biliklərə yiyələnərək bu institutda fəaliyyətə başlaması Azərbaycanda bir çox elmi istiqamətlərin formalaşmasına gətirib çıxarmışdır.

“Bir çox ali təhsil müəssisələrində formalaşmış kafedraların müəllimləri məhz İSİ-də qazandıqları bilik və bacarıqlar sayəsində mütəxəssis kimi fəaliyyət göstərirlər. Böyük ideoloji təsirə malik bu qurum müasir dövrün tələblərinə uyğun olaraq öz əhəmiyyətini getdikcə artırır, - deyə akademik R.Əliquliyev bildirdi.

Alimin sözlərinə görə, cəmiyyətin daha da səmərəli idarə edilməsi, dünyaya inteqrasiya olunması istiqamətlərində Azərbaycanın alim və mütəxəssisləri qarşısında mühüm vəzifələr dayanır və bu vəzifələrin yerinə yetirilməsi üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir.

Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun keçdiyi 50 illik tarixi yolu əks etdirən qısa film nümayiş olundu.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili, professor Gülçöhrə Məmmədova, Arktika Elmlər Akademiyasının prezidenti, professor Valeriy Mitko, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Nikolay Filimonov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Proqram təminatı şöbəsinin rəhbəri Bəxtiyar Siracov, Türkiyənin Dokuz Eylül Universitetinin dekanı Əfəndi Nəsibov və digərləri çıxış etdilər.

Tədbirdən sonra xarici qonaqlar İdarəetmə Sistemləri İnstitutunun sərgi zalı və elmi-tədqiqat laboratoriyaları ilə tanış oldular.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.