Smartfon və planşetlər üçün 10 nüvəli prosessor təqdim olunub

14 May 2015 - 10:33 | Maraqlı məlumatlar
Smartfon və planşetlər üçün 10 nüvəli prosessor təqdim olunub

Smartfon və planşetlər üçün dünyada ilk 10 nüvəli prosessor təqdim edilib. Bu prosessor avtomobilin ötürmə qutusu prinsipi üzrə hazırlanıb.

Tayvanın “MediaTek” şirkəti smartfon və planşetlər üçün ilk 10 nüvəli “Helio X20” prosessorunu nümayiş etdirib. Yeni çip mobil oyunlar, təsvir və videoların işlənməsində aparat təminatına artan tələbi təmin etmək üçün nəzərdə tutulub.

cnews.ru saytının məlumatına görə, 2013-cü ildə buraxılmış mobil qurğular üçün ilk 8 nüvəli prosessor olan “MediaTek MT6592” prosessorundan fərqli olaraq yeni prosessorda 10 nüvənin hər biri eyni vaxtda işləmir.

“Tri-Cluster” adlanan prosessorun arxitekturası “ARM big.LITTE” arxitekturasını xatırladır. Lakin yeni prosessorun arxitekturası üç hesablama klasterinə əsaslanır. Klasterlərin idarə olunmasını “CorePilot 3.0” alqoritmi həyata keçirir. Bu alqoritm cari məsələnin həlli üçün ən səmərəli klasteri seçir.

Şirkət 2015-ci ilin sonunadək yeni 10 nüvəli prosessorun kütləvi istehsalına başlamağı planlaşdırır.