“2014-cü il “Əşyaların İnterneti” ili olacaq”

22 Yanvar 2014 - 11:00 | Texnoloji yeniliklər
“2014-cü il “Əşyaların İnterneti” ili olacaq”

Yəqin düşünürsünüz ki, “Əşyaların İnterneti” uzaq gələcəkdə reallaşacaq və anlaşılmaz bir innovasiyadır. “Google” şirkətinin, “Əşyaların İnterneti” sahəsi üzrə məhsulların artıq kütləvi istifadəyə yararlı olduğunu bəyan etməklə, sizə bunun əksini sübut etmək üçün 3,2 milyard səbəbi var. İnternet-giqantı yaşayış evləri üçün “ağıllı” sensorların yaradılması ilə məşğul olan “Nest Labs” (NL) şirkətini rekord məbləğə - 3,2 milyard dollara alıb. 

NL “ağıllı” termostat, tüstünü təyin edən sensorlar, həmçinin digər məişət qurğularını istehsal edir. 

“Öz işlərimizi ilk dəfə təqdim edəndə insanlar buna şübhə ilə yanaşdılar. O vaxt hələ heç kəsin ağıllı evlər və “Əşyaların İnterneti” haqda təsəvvürü yox idi. Biz mühiti dəyişdik və innovasiyalarımızı müzakirələr üçün yetərli qədər aktual mövzuya çevirdik” – “Nest”in baş direktoru Toni Feddel bildirib. 

cybersecurity.ru saytının məlumatına görə, “Google”un bu addımı göstərir ki, şirkət təkcə dünyada iri axtarış sistemi olmasını istəmir: “Biz, bu məhsullara inanırıq və daha böyük uğurlara nail olmaq istəyirik”. 

“August” şirkətinin (smart-kilid istehsalçısı) baş direktoru Ceyson Conson bildirib: “Aydın idi ki, 2014-cü il “Əşyaların İnterneti” ili olacaq. Hazırki sövdələşmə bu tezisi təsdiq edir. “Google”un da bu sahəyə müraciət etməsi istiqamətin perspektivliyini sübut edir”.