“Google Japan” şirkəti təkcə sevimli deyil, həm də ağıllı olan və hər bir vaxt köməyinizə gələ biləcək fərdi köməkçini - “Google Panda”nı təqdim edib. Pandaya ürəyiniz istədiyi sualı verin və həmin dəqiqə də cavabını alın. “Google Now” servisi sayəsində panda sizi maraqlandıran bütün suallara son dərəcə tez - cəmi 0,3 saniyəyə cavab verəcək. Oyuncaq 50 dili tanıyır. Bu isə o deməkdir ki, panda təkcə yaponlara deyil, həm də dünya üzrə bütün istifadəçilərə əlyetərlidir.
Əksər smartfonlardan fərqli olaraq “Google Panda” təsadüfi zədələrdən mühafizə olunub. Qalın və yumşaq xəz elektron içliyin zərblə yerə dəydikdə zərər almayacağına zəmanət verir. Bundan əlavə, pandanı gəzintiyə də apara bilərsiniz. Sizin sevimli köməkçiniz həmişə yanınızda olacaq.
hi-news.ru saytının bildirdiyinə görə, yeni fərdi köməkçi “Google Panda 5” və “Google Panda 6” ölçülərində təqdim olunub və adətən mobil qurğulardan istifadə etməyən insanlar üçün nəzərdə tutulub.
“Google” şirkəti həm də poçt korrespondensiyası (elektron deyil, fiziki) üçün ağıllı qutu – “Smartbox”u da təqdim edib. Qurğu spamdan mühafizə olunur və alınmış məktubları avtomatik olaraq çeşidləyir. Poçt qutusu həm də ünvan üzrə qeydiyyata alınan smartfon istifadəçilərinə xəbərdarlıq da göndərir.