“Microsoft” ABŞ-ın ən güclü brendidir

10 Yanvar 2014 - 17:54 | Texnoloji yeniliklər
“Microsoft” ABŞ-ın ən güclü brendidir

“Forrester Research” konsaltinq şirkəti tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, “Microsoft” korporasiyası ABŞ-ın ən güclü brendi seçilib. 

Şirkət nümayəndələri bildirib ki, 2013-cü ildə “Microsoft” mövqeyini xeyli möhkəmlətməyə və əksər alıcıların rəğbətini qazanmağa nail olub. Korporasiyanın “One Microsoft” şüarı ilə keçirilən reklam kampaniyasının buna böyük təsiri olub. 

lenta.ru saytının məlumatına görə, “Apple” şirkəti son 18 ayda cəlbediciliyini bir qədər itirib. Şirkət əksər qiymətləndirmə göstəriciləri üzrə “Microsoft” ilə eyni bal toplasa da, əsas “Essentials” kateqoriyasında korporasiyadan geri qalıb. 

“Apple” məhsulları yüksək keyfiyyət və əla servisi ilə insanların diqqətini cəlb edir, lakin artıq “Microsoft”un məhsulları kimi zəruri hesab edilmir”, - "Forrester Research”in analitiki Treysi Stouks bildirib. 

“Apple” brendinin zəifləməsinin qeydə alınması Tim Kukun rəhbərlik etdiyi şirkətə 2013-cü ilin sentyabrında dünyanın ən bahalı brendi seçilməsinə mane olmayıb. “Apple” reytinqə 13 il ardıcıl başçılıq etmiş "Coca-Cola” şirkətini ötməyə nail olub.

Ötən ilin noyabrında “Forbes” jurnalı “Apple”i 100 milyard dollarla qiymətləndirib. Jurnal ekspertlərinin qiymətləndirməsinə əsasən, “Microsoft”un dəyəri təxminən iki dəfə az – 57 milyard dollar olub.