“Cloud DX” şirkəti “Trikoder” adlı ilk işlək tibbi cihazını təqdim edib

30 Mart 2015 - 16:00 | Texnoloji yeniliklər
“Cloud DX” şirkəti “Trikoder” adlı ilk işlək tibbi cihazını təqdim edib

Mart ayında keçirilən film, musiqi və interaktiv texnologiyalara həsr edilmiş “South by Southwest (SXSW) Interactive” sərgisində “Cloud DX” şirkətinin təsisçisi və icraçı direktoru Robert Kol ilk işlək tibbi cihaz olan “Trikoder”i nümayiş etdirib.

dailytechinfo.org saytının məlumatına görə, yeni qurğu dörd müstəqil hissədən ibarətdir. Qulaqlıqları xatırladan “yaxalıq”da real zaman rejimində insanın həyat fəaliyyətinin əsas göstəricilərini (qan təzyiqi, tənəffüs və ürək döyüntüsünün ritmi, nəbzin tezliyi, qanda oksigenin konsentrasiyası və bədən temperaturu) qeydə alan müxtəlif tənzimləyicilər yerləşdirilmişdir.

Cihazın daha bir komponenti ölçüsü adi fincandan bir qədər böyük olan baza stansiyasıdır. Sistemin displeyi rolunu yerinə yetirən smartfon həmin baza stansiyasına qoşulur. Bu smartfonda işləyən proqram suallar və cavablar vasitəsilə ilkin diaqnoz qoyur və onların emalı üçün əldə edilən məlumatları bulud servisinə ötürərək sonrakı diaqnostik testlərin ardıcıllığını müəyyən edir.

Trikoderin əsas hissələrindən biri də diabet, pnevmoniya, vərəm və digər xəstəliklərin aşkarlanması üçün laboratoriya testlərini həyata keçirə bilən tənzimləyicilərdir.

Digər komponent insan dərisinin səthindəki mikroskopik yara və zədələnmələri “görə bilən” kameranın quraşdırıldığı kiçik universal skanerdir. Kamera insanın daxili orqanlarını analiz etməyə də imkan verir.

Cihazın Cloud DX-in bulud xidmətində saxlanılan şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması ilə bağlı çatışmazlıqları olsa da, bu kimi yeni diaqnostik cihazlar onlara ehtiyac duyan insanların sağlamlığının müdafiəsində dayanacaq.