AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev 10-13 mart 2015-ci il tarixlərdə Vyana şəhərində (Avstriya) keçirilən GEANT Assosasiyasının Baş Assambleyasının iclasında iştirak ediblər.
Tədbirdə GEANT (Gigabit European Advanced Network Technology) şəbəkəsinin son nailiyyətləri və perspektivlər müzakirə olunub.
İclasda həmçinin GEANT Assosasiyası ilə əməkdaşlığın yeni bir istiqaməti olan Şərq tərəfdaşlığı proqramı çərçivəsində elektron elmin infrastrukturunun regionda inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, bu proqrama qoşulan ölkələrin bir-biri ilə, o cümlədən Avropa ölkələri ilə elektron elm sahəsində inteqrasiya problemləri mövcuddur. Bu problemləri aradan qaldırmaq üçün bu ölkələrdəki alim, tədqiqatçı və tələbələrin elektron elmin yaratdığı imkanlardan Avropa ölkələrində olduğu kimi, maneəsiz istifadə etmələrini təmin etmək üçün yeni layihələrə ehtiyac yaranmışdır. Bu məqsədlə Şərqi Avropa ölkələri arasında regional şəbəkənin yaradılması və GEANT-a qoşulması təklif olunur. Burada əsas hədəf Şərq Tərəfdaşlığı regionuna daxil olan bütün ölkələri əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu regionda yaşayan və fəaliyyət göstərən 2 milyondan çox alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa ilə daha sıx əməkdaşlıq imkanları təqdim etməkdir.
Qeyd edək ki, hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosasiyasının tam hüquqlu üzvü kimi bu təşkilatla əməkdaşıq edir. GEANT Assosasiyasının rəhbərliyi ilə keçirilən görüşlərdə qurumun AMEA-nın AzScienceNet şəbəkəsi ilə böyükmiqyaslı layihələrdə əməkdaşlıq etmək niyyətində olduğu vurğulanmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.