IKEA öz mebellərinə simsiz enerjidoldurma funksiyası inteqrasiya edir
İsveçin məşhur IKEA mebel şirkəti müxtəlif qadjetləri enerji ilə təmin etmək üçün naqilsiz enerjidoldurma funksiyasına malik mebel əşyalarını təqdim edib. Şirkət Barselonada keçirilən MWC sərgisində jurnal stolları, yemək və iş masaları, yataq otağı uçün tumbalar, həmçinin lampalar və s. kimi əşyaları nümayiş etdirib.
İstifadəçilər öz mobil qurğularını IKEA-nın istehsalı olan mebelin üzərinə qoymaqla enerji ilə təmin edə biləcəklər.
Enerjidoldurma maqnit induksiyası prinsipi üzrə həyata keçirilir və məşhur QI standartını dəstəkləyir. Buna görə də IKEA texnologiyasından müxtəlif qurğulara malik istifadəçilər yararlana biləcəklər.
hitech.newsru.com saytının bildirdiyinə görə, İsveç şirkəti bu kimi mebel əşyalarının satışına bu ilin aprel ayında başlayacaq. Böyük Britaniyada belə mebel 30 funt-sterlinq (46 ABŞ dolları) dəyərində olacaq.