Rusiyada görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib. Tifloşərhlərə əsaslanan online-kinoteatr “İşıq” görmə əngəllilər ictimai təşkilatının saytında yerləşdirilib və filmləri tifloşərhlərlə izləməyə imkan verir.
“Kinoda tifloşərh - əlavə səslə müşayiət olunan videosıradır. Tifloşərhlər ekranda baş verənlərin maksimal dərəcədə izah olunmasına imkan verən müəyyən olunmuş ciddi qaydalar üzrə tərtib edilir və iştirakçıların dialoqları arasındakı fasilələrdə peşəkar diktor tərəfindən səsləndirilir”, - deyə layihəni həyata keçirən “Sosial Texnologiyalar İstixanası”nın nümayəndələri bildiriblər.
cnews.ru saytının məlumatına əsasən, online-kinoteatrda təqdim olunan filmlər üçün tifloşərhlərin hazırlanması ilə “İşıq” təşkilatı məşğul olur. Moskvada yerləşən təşkilatın binasında cəmiyyətin üzvlərinin bu kimi filmləri izləyə bilmələri üçün kinozal fəaliyyət göstərir.
Layihə müəlliflərinin sözlərinə görə, online-kinoteatr AAA səviyyəsinə - müxtəlif məhdudiyyətli insanlar üçün veb-kontentin (Web Content Accessibility Guidelines, WCAG) yaradılması üzrə əlçatanlığın ən yüksək standartına uyğundur.
Online-kinoteatra daxil olmaq üçün istifadəçi qeydiyyatdan keçməlidir. Qeydiyyatı “İşıq” təşkilatı və onun saytında həyata keçirmək mümkündür. Bunun üçün yaşayış məntəqəsi, sosial status və onu təsdiq edən sənədin nömrəsini göstərmək tələb olunur.
İstifadəçi şifrəni əldə etdikdən və saytda müvafiq bölməyə daxil olduqdan sonra izləmək üçün film seçə bilər. Online-kinoteatrda beş film təqdim olunub - “Deribasovskidə yaxşı hava”, “Nastya”, “Pasport”, “Visbadenə səfər” və “Fransız”.