Audio informasiya texnologiyaları problemləri üzrə araşdırmalar davam etdiriləcək

28 Yanvar 2015 - 10:00 | Konfranslar, İclaslar
Audio informasiya texnologiyaları problemləri üzrə araşdırmalar davam etdiriləcək

İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2015-ci il  üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev bildirib ki, rəhbərlik etdiyi şöbədə il ərzində audio informasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə araşdırmalar aparılacaq. Bu məqsədlə e-dövlət mühitində G2G, G2B, G2C modelləri üzrə nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin, istifadəçilərə göstərilən audio xidmət vasitələri üçün effektiv alqoritmlərin işlənməsi, paylanmış iyerarxik operativ dispetçer sistemləri üçün audio xidmət vasitələrinin analizi və sintezi məsələləri və paylanmış audioinformasiya şəbəkələri üzərində multimedia servislərinin sintezi problemlərinin tədqiqi, o cümlədən inkişaf etmiş ölkələrdə e-tullantıların idarə edilməsi məsələlərinin öyrənilməsi və Azərbaycanda e-tullantıların idarə edilməsinin mövcud vəziyyətinin monitorinqi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparılması nəzərdə tutulur.

B.Ağayevin sözlərinə görə, elmi-innovasiya fəaliyyəti çərçivəsində şöbədə yeni qrant layihələrin hazırlanması və müsabiqələrdə iştirak planlaşdırılır. 

Qeyd edib ki, araşdırmaların nəticələri üzrə 7 elmi-texniki konfransda məruzələrin edilməsi, nüfuzlu yerli və xarici jurnallarda məqalələrin dərci və görülən işlərin KİV-də təbliği nəzərdə tutulur. 

Həmçinin şöbə, cari ildə müvafiq sahələrdə ölkədaxili və beynəlxalq elmi-texniki əlaqələri genişləndirmək, gənc kadrların şöbəyə cəlb edilməsi ilə bağlı məqsədyönlü işlər həyata keçirmək niyyətindədir. 

Sonda fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.