İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları  “ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər

07 Oktyabr 2026 - 09:17 | Konfranslar, İclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və bir qrup əməkdaşı “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər.

Regionda müdafiə sənayesinə həsr olunmuş ən böyük tədbirlərdən biri olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində fəaliyyət göstərən qurumlar, mütəxəssislər və ekspertlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanlar təqdim edib. Sərgi, həmçinin dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik sahəsində innovativ həllərin nümayiş etdirilməsi üçün mühüm platforma kimi çıxış edib.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları sərgi çərçivəsində müdafiə sənayesində tətbiq olunan müasir texnologiyalar, innovativ məhsullar və həllərlə tanış olublar, müdafiə və kibertəhlükəsizlik sahəsində müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.

Sərgi çərçivəsində həmçinin, AR Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüş keçirilib. Görüşdə Müdafiə Sənayesi Nazirliyi Aparatının İnformasiya Texnologiyaları şöbəsinin müdiri, institutun doktorantı Araz Mustafa “Rəqəmsal risklər və kibermüdafiə” mövzusunda təqdimatla çıxış edib. O, təqdimat zamanı müdafiə sektorunda rəqəmsal risklərin əsas istiqamətləri, müasir kibertəhdidlər və onların idarə olunması məsələlərindən danışıb. Araz Mustafa informasiya sistemlərinin dayanıqlılığının artırılması, təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə bağlı yanaşmaları da diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.