ETN İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarı keçirilib. İclasın sədri, texnika üzrə elmlər doktoru Mütəllim Mütəllimov tədbiri giriş sözü ilə açaraq, elmi seminarın institutun dissertantı Elşən Bağırovun 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirib.
Dissertant Elşən Bağırov “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, elmi yeniliyi, qarşıya qoyulmuş məsələlər və s. haqqında məlumat verib. Bildirib ki, statistik rəqəmlərə əsasən, zərərli proqram nümunələrinin, o cümlədən, yeni növ zərərli proqramların sayında eksponensial artımın müşahidə edilməsi və destruktiv nəticələrinin yüksək olması, rəqəmsal sistemlərin mürəkkəbləşdiyi şəraitdə təhlükəsizliyə inteqrasiya edilmiş proqram mühəndisliyinin zərərli proqramların qarşısının alınması və dayanıqlı arxitekturaların qurulması üçün strateji aktuallıq kəsb etməsi, eləcə də kibercinayətkarların yeni növ zərərli proqramların sayını və müxtəlifliyini artırmaq məqsədilə aşkarlanmaqdan yayınma metodlarını tətbiq etməsi bu istiqamətdə tədqiqatların aparılmasını zəruri edir.
İddiaçı həmçinin vurğulayıb ki, maşın öyrənmə, dərin öyrənmə, Generativ Rəqib Şəbəkələr kimi intellektual analiz metodlarının zərərli proqramların aşkarlanmasına tətbiqi imkanlarının mövcud olması, o cümlədən informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi istiqamətində milli hədəflərin olması dissertasiya işinin aktuallığını şərtləndirir.
Elşən Bağırov dissertasiya işinin məqsədinin Windows və Android əməliyyat sistemləri mühitində zərərli icra oluna bilən proqram təminatının yüksək dəqiqliklə aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərin işlənməsi olduğunu diqqətə çatdırıb.
O, dissertasiya işində əldə olunmuş yekun nəticələri təqdim edib. Qeyd edib ki, iş çərçivəsində zərərli proqramların maşın öyrənməsi metodları ilə qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün metod işlənmiş, Windows və Android əməliyyat sistemləri mühitində zərərli proqramların və zərərli proqram trafikinin aşkarlanması üçün statik və dinamik yolla əldə edilmiş müxtəlif növ əlamətlərdən istifadə etməklə klassifikasiya və klasterləşdirmə əsaslı maşın öyrənmə metodları işlənmişdir. Həmçinin zərərli proqramların təsvirlərə çevrilərək aşkarlanması üçün transfer öyrənmə əsaslı yüksək dəqiqlikli aşkarlama alqoritmi işlənmişdir. Təlim məqsədilə zərərli proqram nümunələrinin sayının artırılması üçün Şərti Generativ Rəqib Şəbəkə metodu işlənmiş və artırılmış verilənlər üzərində maşın öyrənmə modelləri yoxlanılmış, performans göstəriciləri yüksəldilmişdir. Zərərli proqramların aşkarlaması üçün təklif edilmiş modellərin izahetmə qabiliyyətinin qiymətləndirilməsi üçün üç fərqli verilənlər toplusundan istifadə etməklə eksperimentlər aparılmış, verilənlərin real mühitdə istifadə edilməsi zamanı əlamətlərin yayınması eksperimental olaraq qiymətləndirilmişdir.
İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor Şəhla Hüseynzadə və texnika üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılovanın rəyləri dinlənilib. Rəylərdə dissertasiya işində əsaslı tədqiqatların aparıldığı, qarşıya qoyulmuş məsələlərin həll olunduğu qey olunub, tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti qeyd olunub. Tədqiqat işinin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasına qoyduğu tələblərə tam cavab verdiyi bildirilib və iş texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə tövsiyə olunub.
İddiaçı rəylərdə səsləndirilən təklif və iradları cavablandırdıqdan sonra dissertasiya işi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə texnika üzrə elmlər doktoru Mütəllim Mütəllimov, texnika üzrə elmlər doktoru, dosent Fəhrad Paşayev, texnika üzrə fəlsəfə doktorları – İradə Ələkbərova, Babək Nəbiyev və Əfruz Qurbanova iştirak ediblər.
Sonda səsvermə keçirilib, təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin müdafiəyə təqdim olunması ilə bağlı qərar qəbul edilib.