XƏBƏRLƏR

10413

ADA Universitetinin rektoru və Koreyalı mütəxəssislər İnformasiya Texnologiyaları İnstitutunda oldular

07 Fevral 2014 - 09:31 | Görüşlər

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev və Koreya Ali Elm və Texnologiya İnstitutunun (KAIST – Korea Advanced Institute of Science and Technology) bir qrup mütəxəssisi İnformasiya Texnologiyaları İnstitutunda oldular. Əsas məqsəd Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mövcud vəziyyət və Koreya təcübəsinin öyrənilməsi istiqamətində görüləcək işləri müzakirə etmək idi. 

Öncə qonaqlara qurumun innovativ şəraiti və maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verildi. Onlar Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla yaxından tanış oldular. 

İnstitutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, burada informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində aparılan elmi araşdırmalardan söz açdı. İnstitut alimlərinin məqalələrinin dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunduğunu, qurumun Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğuladı. 

H.Paşayev təhsildə İKT-nin tətbiqi istiqamətində görülən işlərdən söz açaraq, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi və ölkənin ümumtəhsil, həmçinin ali təhsil müəssisələrində İKT-nin geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlərin həyata keçirildiyini, bu prosesin ölkə Prezidenti tərəfindən dəstəkləndiyini bildirdi. 

Görüşdə, həmçinin Azərbaycanla Cənubi Koreya arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələri və onun inkişaf perspektivləri müzakirə olundu. Bu istiqamətdə Koreya təcrübəsinin öyrənilməsi, tətbiqi, kadr və təcrübə mübadiləsi aparılmasının vacibliyi vurğulandı.