ETN İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Əvvəlcə tədbirdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək hər il aprelin 28-də qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixi haqqında məlumat verib. Bildirib ki, 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən təsis edilən bu günün əsas məqsədi iş yerlərində təhlükəsizlik və sağlamlıq mədəniyyətini gücləndirməkdir: “2026-cı ilin devizi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” kimi müəyyən olunub. Bu, iş yerində həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasının vacibliyini vurğulayır”.
İcraçı direktor bildirib ki, əməyin mühafizəsi dedikdə – işçilərin iş zamanı həyat və sağlamlığını qorumaq üçün tətbiq olunan qaydalar və təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Bu yanaşma beynəlxalq səviyyədə Beynəlxalq Əmək Təşkilatı tərəfindən təşviq olunur və istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasını hədəfləyir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən edilmiş prinsiplər təhlükəsiz və sağlam əmək şəraitinin formalaşdırılmasında əsas istiqamət kimi qəbul olunur.
Rəşid Ələkbərov həmçinin institutda fiziki təhlükəsizlik tədbirlərinin prioritet istiqamətlərdən olduğunu, əməyin mühafizəsi məsələlərinin hər zaman diqqətdə saxlanıldığını deyib.
İnstitutun Həmkarlar Komitəsinin sədri Anar Səmidov çıxış edərək qeyd edib ki, sənaye dövründə əməyin mühafizəsi əsasən istehsalat qəzaları və fiziki risklərin azaldılmasına yönəlmişdisə, informasiya cəmiyyətində əsas təhlükələr koqnitiv yüklənmə, xroniki stress və tükənmə sindromu ilə bağlıdır. Anar Səmidovun sözlərinə görə, müasir dövrdə ən ciddi “əmək qəzaları” artıq fiziki deyil, psixoloji xarakter daşıyır.
O, psixososial risklərə də xüsusi diqqət çəkərək bildirib ki, işin təşkili, idarəetmə forması və sosial mühit işçilərin həm psixoloji, həm də fiziki sağlamlığına birbaşa təsir göstərir. Məruzəçi xüsusilə tədqiqat və informasiya texnologiyaları sahəsində rəqəmsal yüklənmə, daimi yenilənmə ehtiyacının yaratdığı stres, distant fəaliyyət zamanı iş və şəxsi həyat sərhədlərinin pozulmasını əsas risk faktorları kimi dəyərləndirib.
Anar Səmidov “texnoloji stress” anlayışından da bəhs edərək bildirib ki, fasiləsiz onlayn əlaqə, uzunmüddətli ekran istifadəsi və “həmişə əlçatan olma” təzyiqi işçilərin sağlamlığı üçün yeni təhlükələr yaradır: “Bu risklərin azaldılması üçün iş və şəxsi həyat arasında balansın qorunması, rəqəmsal fasilələrin verilməsi, fiziki aktivliyin və sosial əlaqələrin gücləndirilməsi vacib amillərdir”.
İnstitutun Kadrlar şöbəsinin müdiri Ülviyyə Ələkbərova çıxış edərək iş yerlərində təhlükəsizliyin və sağlamlığın təmin olunmasının yalnız təşkilati məsələ deyil, həm də qanunvericiliklə tənzimlənən bir öhdəlik olduğunu qeyd edib. O, əməyin mühafizəsi sahəsində həm işəgötürənin, həm də işçilərin üzərinə düşən vəzifələrdən bəhs edib, qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyinə diqqət çəkib.
Ü.Ələkbərova təhlükəsizliyin təmin edilməsinin təşkilat mədəniyyətinin ayrılmaz hissəsinə çevrilməsinin önəminə toxunaraq institutun əməkdaşlarını qanunvericiliyin tələblərinə hər zaman riayət etməyə, eləcə də təhlükəsiz iş mühitinin qorunmasında fəal mövqe tutmağa səsləyib.
Tədbirdə həmçinin institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, baş mühəndis Şakir Mehdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova çıxış edərək Ümumdünya Əməyin Mühafizəsi Gününün məqsəd və vəzifələri ilə bağlı fikirlərini bölüşüblər. İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətin inkişaf etdirilməsi və əməkdaşlara göstərilən intellektual dəstəklə yanaşı, bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin təşviq edildiyini qeyd ediblər. Həmçinin institut əməkdaşlarının müxtəlif problemlərinin həll edilməsi, onların bir araya gətirilərək qurumun ictimai həyatında fəal iştiraka cəlb olunması və digər təşkilati işlərin yüksək səviyyədə, şəffaf şəkildə həyata keçirildiyini vurğulayıblar. Bildiriblər ki, təşkilati işlərin yüksək səviyyədə, operativ və şəffaf şəkildə həyata keçirilməsi institutda sağlam iş mühitinin formalaşmasına və kollektiv həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.