ETN İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində dərc olunan elmi əsərlərin xülasələri topusu dərc olunub

19 Mart 2026 - 14:29 | Yeni nəşrlər
ETN İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində dərc olunan elmi əsərlərin xülasələri topusu dərc olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt texnologiyaları sahəsində aparılmış elmi tədqiqatların nəticələrini əks etdirən elmi əsərlərin xülasələrindən ibarət “Süni intellekt texnologiyalarının elmi-nəzəri və praktiki problemləri” adlı ekspres-informasiya çapdan çıxıb.

Yeni nəşrdə institutun əməkdaşları tərəfindən, əsasən, son 30 ili əhatə edən dövrdə süni intellektin müxtəlif istiqamətləri üzrə dərc olunmuş 440 elmi əsərin (məqalə, konfrans materialı və s.) xülasəsi toplanıb. 351 səhifəlik toplu institutun süni intellekt sahəsindəki elmi fəaliyyətinin hesabatı xarakterini daşıyır.

Ekspress-informasiyada təqdim olunan bir sıra elmi əsərlərdə institutun neyron şəbəkələr, qeyri-səlis məntiq, təbii dilin emalı, Big Data analitikası kimi süni intellektlə bağlı olan sahələr üzrə əldə edilən mühüm elmi nəticələr əksini tapıb. Biblioqrafik nəşrdə həmçinin süni intellekt texnologiyalarının rəqəmsal dövlət, kibertəhlükəsizlik, rəqəmsal tibb, e-təhsil, linqvistika, sosial media və s. kimi sahələrdə tətbiqinə dair elmi işlər haqqında məlumat verilir.

Xülasələr toplusunun elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.

Ekspress-informasiya süni intellekt sahəsində elmi və tədris fəaliyyəti ilə məşğul olan tədqiqatçılar, tələbələr, həmçinin, idarəetmə və istehsalat sahələrində çalışan mütəxəssislər üçün sistemləşdirilmiş informasiya mənbəyidir. Bu nəşr, eyni zamanda, Azərbaycanda süni intellektin tarixini araşdıranlar üçün də mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.