İT və süni intellekt istiqamətində kadr hazırlığına həsr olunan “Workshop” keçirilib

23 Fevral 2026 - 12:03 | Konfranslar, İclaslar

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə verdiyi tapşırıqlara uyğun olaraq Türkiyə-Azərbaycan Universitetində (TAU) vorkşop (Workshop) keçirilib.

"Azərbaycanın yeni rəqəmsal arxitekturası kontekstində universitetlərin rolu: İT və süni intellekt istiqamətində kadr hazırlığında yeni model" mövzusuna həsr olunan vorkşopda dövlət qurumlarının, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri, İT və süni intellekt üzrə mütəxəssislər eləcə də bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər.

TAU-nun rektoru vəzifəsini icra edən Vilayət Vəliyev bildirib ki, iki ildir fəaliyyət göstərən universitetdə rəqəmsallaşma, informasiya texnologiyaları, eləcə də süni intellekt istiqamətində müzakirələrin təşkil olunması təqdirəlayiqdir. Sözügedən istiqamətlərdə əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının TAU-da əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Osman Hacıyev rəqəmsal bilik və bacarıqların artırılmasının prioritet məsələlərdən biri kimi nazirliyin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən 50 ali təhsil müəssisəsindən 23-də süni intellekt və digər rəqəmsal sahələr üzrə ixtisaslı kadr hazırlığı həyata keçirilir. Osman Hacıyev bu istiqamət üzrə məzunların məşğulluq göstəricilərinin yüksək olduğunu qeyd edərək, əmək bazarında həmin sahələrdə mütəxəssislərə ciddi tələbatın mövcudluğunu da diqqətə çatdırıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov rəqəmsal transformasiya, kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin formalaşdırılmasında, eləcə də süni intellekt, data idarəçiliyi və oxşar istiqamətlərdə fəaliyyətin əlaqələndirilməsində agentliyin davamlı işlər gördüyünü və bu istiqamətlərdə universitetlərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Ramiz Alıquliyev müasir dövrdə dünyada süni intellektin inkişafından danışıb. Dünyada bu sahədə aparılan tədqiqatları izləməyin vacibliyini diqqətə çatdıran akademik sözügedən istiqamətlərdə kadr hazırlayan universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri Prof. Dr. Ahmet Coşar süni intellektin həm iş, həm təhsil həyatındakı rolundan bəhs edib. O, süni intellektin təhsildə və tədqiqatlar zamanı işləri asanlaşdırdığı kimi, zərərli məqamlarından da danışıb. TAU-nun proqram rəhbərinin fikrinə görə, bu məsələlər qanunla tənzimləndikdə neqativ halların qarşısı alına bilər. Professor onu da əlavə edib ki, TAU-da tədrisin ingilis dilində olması kompüter mühəndisliyi sahəsindəki inkişafı birbaşa və orijinal beynəlxalq mənbələrdən izləmək imkanı verir və tələbələrin süni intellekt alətlərindən istifadə edərək davamlı olaraq yeni məlumatlar əldə etməsi, özlərini bacarıqlı və bilikli mühəndislər kimi yetişdirməsi peşəkar tələbdir.

AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli bildirib ki, ölkə prezidentinin irəli sürdüyü yeni rəqəmsal arxitekturaya hər kəs töhfə verməlidir. Onun fikrincə, universitetlərin akademik heyəti sənayenin yeni çağırışlarını nəzərə almalı, İT və süni intellekt sahəsindəki proqramlar yenilənməli, tələb olunan ehtiyaclara uyğun kadrlar hazırlanmalıdır və bu, ölkənin rəqəmsal təhlükəsizliyi üçün vacibdir.

Vorkşop çərçivəsində Orta Doğu Texniki Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi ixtisasının müəllimi Prof.Dr. Okan Topçu çıxış edərək bildirib ki, rəqəmsallaşmanın strateji məqsədinə uyğun olaraq, universitetlər süni intellektin transformativ təsirinə fəal şəkildə reaksiya verməlidirlər.

Hacettepe Universitetində kimya müəllimi Dr. Gülbin Kurtay qeyd edib ki, Türkiyədə və dünya universitetlərində yeni material və ya dərman maddələrinin kəşfində ənənəvi laboratoriya sintezindən əvvəl, hesablama kimyası və süni intellekt vasitəsilə molekul dizaynının aparılmasını tələbələrin məzun olmadan yiyələnməli olduğu əsas təcrübələrdən biri kimi diqqətə çatdırıb. Tədqiqatçı müəllim Azərbaycan universitetlərinə Yüksək Performanslı Hesablama Mərkəzinin (HPC) yaradılmasını təklif edib. O, vurğulayıb ki, bu təşəbbüs həm elmi-tədqiqat mühiti, həm də tələbələrin gələcək rəqabətədavamlılığının əhəmiyyətli dərəcədə artırılmasına mühüm töhfə verə bilər.

Çıxışlardan sonra vorkşop sual-cavab sessiyası ilə davam edib.

tau.edu.az