Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu ilə Avstraliya Federasiya Universiteti arasında uzun illərdir səmərəli əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində elmi ezamiyyətlər təşkil olunur, elmi təcrübə və bilik mübadiləsi aparılır, eyni zamanda birgə fəlsəfə doktoru hazırlığı həyata keçirilir.
ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarının Avstraliya Federasiya Universitetinin professoru Adil Bağırovun “Yarıöyrədilən klasterləşmə üçün optimallaşma modeli və alqoritmi” mövzusunda məruzəsinə həsr olunması da bu əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdiyini, institutun beynəlxalq elmi mühitə inteqrasiyasının uğurla davam etdiyini nümayiş etdirən mühüm elmi hadisədir.
Elmi seminarı giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev professor Adil Bağırovun əhəmiyyətli elmi tədqiqatları ilə tanınan görkəmli alimlərimizdən olduğunu vurğuladı. O, qeyd etdi ki, professor Adil Bağırov 26 ildir Avstraliya Federasiya Universitetində fəaliyyət göstərir və verilənlərin intellektual analizi (data mining) sahəsində fundamental və tətbiqi problemlərin tədqiqi ilə məşğuldur.
İnstitutun baş direktoru həmçinin əlavə etdi ki, professor Adil Bağırov Avstraliyada bir sıra elmi qrantların rəhbəridir, müxtəlif ölkələrdən olan alimlərlə geniş və səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Akademik R.Əliquliyev professor Adil Bağırovun hazırda İnformasiya Texnologiyaları İnstitutunun alimləri ilə süni intellekt və böyük verilənlərin analitikası istiqamətlərində birgə elmi tədqiqatlar apardığını seminar iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra professor Adil Bağırov məruzəni təqdim edərək yarıöyrədilən klasterləşmənin verilənlərlə bağlı məhdud informasiyanın movcud oldugu klaster analizi problemi kimi baxıla bildiyini qeyd etdi. O, vurğuladı ki, belə informasiya adətən iki formada – məhdud sayda ayrı-ayrı verilənlərin sinif təsnifatı formasında və ya verilənlərin cüt-cüt bağlılığı (eyni klasterə və ya fərqli klasterlərə aid olması) şəklində olur.
Alim əlavə etdi ki, son tədqiqatlarda optimallaşdırma yanaşmaları daha da təkmilləşdirilərək lokal üsullarla zənginləşdirilmiş, bu da məhdudiyyətlərin ödənilməsinin effektiv şəkildə idarə olunmasına və daha keyfiyyətli klasterləşmə nəticələrinin əldə edilməsinə imkan yaratmışdır.
Professor Adil Bağırov həmçinin optimallaşdırma vasitəsilə yarıöyrədilən klasterləşmədə istifadə olunan performans göstəriciləri haqqında məlumat verdi və əldə olunan nəticələri təqdim etdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan məruzəni yüksək qiymətləndirdi, professor Adil Bağırova institutun kollektivi adından minnətdarlığını bildirdi. Alim birgə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edərək, gələcəkdə süni intellekt, böyük verilənlərin analitikası və digər əlaqəli sahələrdə tədqiqatların aparılmasının əhəmiyyətini vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.