ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında Azərbaycan Tibb Universiteti ilə elmi-innovativ əməkdaşlıq çərçivəsində “Cərrahi Platforma” adlı portalın hazırlanmasına dair hesabat dinlənilib.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universiteti ilə qurulan əməkdaşlıq əlaqələrindən, həyata keçirilən layihələrdən, birgə tədqiqatlardan bəhs edib. Alim institutun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalını distant tədris texnologiyaları sahəsində real innovativ layihə kimi dəyərləndirib. Alim elmi seminarda sistemin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində geniş müzakirələrin aparılacağını qeyd edib.
Akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Qeyd edib ki, bu sənəd iki qurum arasında İKT, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək rəhbərlik etdiyi kafedra ilə İnformasiya Texnologiyaları İnstitutu arasında davam edən əməkdaşlıq əlaqələrindən bəhs edib, birgə layihələr, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər barədə danışıb. Eləcə də I cərrahi xəstəliklər kafedrası və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalı haqqında məlumat verib.
Professor Nuru Bayramov gələcəkdə platformanın Azərbaycan Tibb Universitetinin digər kafedralarında, eyni zamanda bir sıra xarici ölkələrdə istifadəsinin təmin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Sonra İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisləri Aqşin Paşayev və Raqif İsmayılovun həmmüəllifi olduqları məruzəni A. Paşayev təqdim edib. Məruzəçi 2022-ci ilin yanvar ayından etibarən icrasına başlanmış “Cərrahi Platforma” layihəsinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Tibb Universiteti arasında həyata keçirilən elmi-innovativ əməkdaşlıq çərçivəsində hazırlandığını qeyd edib. Bildirib ki, layihənin əsas məqsədi tələbələrə, rezidentlərə və həkimlərə orqan xəstəlikləri, onların müayinəsi, differensial diaqnostikası, konservativ müalicə üsulları və cərrahi əməliyyatlar haqqında zəruri biliklərin əldə edilməsini təmin etməkdir
Portalın strukturu və funksional imkanları haqqında məlumat verən A.Paşayev burada xəstəliklərin diaqnozunun dəqiqləşdirilməsi, düzgün müayinə və müalicə taktikalarının seçilməsi ilə bağlı məlumatlar sual-cavab və slaydlar formatında təqdim edildiyini, istifadəçilərin professor-müəllim heyətinin praktiki təcrübəsinə əsaslanan məlumatlar, eləcə də mühazirə materialları və mətnlərlə tanış olmaq imkanına malik olduqlarının söyləyib: “Cərrahi platforma” çoxdilli interfeysə malikdir və müxtəlif ölkələrdə təhsil alan və fəaliyyət göstərən tələbələr, rezidentlər, həkimlər, eləcə də xəstələr tərəfindən asanlıqla istifadə oluna bilər”.
Sonra o, portalın funksional imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlərdən bəhs edib, bu istiqamətdə mərhələli şəkildə işlərin aparıldığını, əlavə modullar və yeni funksionallıqların tətbiq edildiyini vurğulayıb.
O həmçinin portalın işinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi, funksionallığının gücləndirilməsinə dair görüləcək işlər, gələcək tətbiq planları haqqında danışıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda akademik Rasim Əliquliyev çıxış edərək məruzəyə dair təklif və tövsiyələrini səsləndirib, “Cərrahi platforma”nın süni intellekt və rəqəmsal texnologiyalar əsasında təkmilləşdirilməsi və inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb. Həmçinin portalın yaradılması, imkanları və perspektivlərinə dair elmi məqalənin hazırlanmasının məqsədəuyğun olduğunu qeyd edib.
Akademik Rasim Əliquliyev platformanın dayanıqlı fəaliyyətinin təmin olunması, onun istismarı, inkişafı və səmərəli idarə edilməsi məsələlərinə xüsusi diqqət çəkib. Bildirib ki, distant tədris materiallarının davamlı şəkildə yenilənməsi, beynəlxalq təcrübənin təhlili və qabaqcıl yanaşmaların tətbiqi platformanın elmi-innovativ layihə kimi inkişafına mühüm töhfə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.