“Gartner” şirkətinin araşdırmalarına görə, qlobal kompüter sənayesində irəliləyiş qeydə alınıb.
Ekspertlərin sözlərinə görə, 2014-ci ilin dördüncü rübündə fərdi kompüterlərin qlobal təchizatı ötən illə müqayisədə 1 faiz artaraq 83,7 milyon ədəd təşkil edib. Bu, iki il ərzində ilk dəfə qeydə alınmış ən yüksək göstəricidir.
Gartner analitiki Mikako Kitaqava bildirib ki, 2013 və 2014-cü illərdə ənənəvi kompüterin satışı planşetlərin populyarlığı səbəbindən azalıb. Hazırda bir neçə əsas bölgədə bu mobil qurğulara olan tələbat azaldığından istehlakçılar yenidən fərdi kompüter və noutbuklara üstünlük verməyə başlayıblar.
www.3dnews.ru saytının məlumatına görə, inkişaf etməkdə olan ölkələrdə qadjetlərə maraq böyük olduğu üçün kompüter sənayesinin bərpası haqqında danışmaq hələ tezdir.
İl ərzində fərdi kompüter istehsalçıları reytinqində dəyişikliklər baş verməyib. Birinci yerə 2014-cü ilin oktyabr-dekabr aylarında bazar payı 19.4 faiz təşkil edən “Lenovo” şirkəti sahib olub. Bu 16,3 milyondan çox kompüter deməkdir. Sonrakı yerlərdə isə 18,8 faizlə “HP” və 12,7 faizlə “Dell” şirkətləri dayanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.