ETN İnformasiya Texnologiyaları İnstitutunda “Kibersuverenlik və sosial kredit: rəqəmsal dövlət infrastrukturuna yeni baxış” mövzusunda şöbə seminarı keçirilib. Əvvəlcə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi seminarların məqsədləri və məzmunu haqqında danışıb. Alim institutda elmi seminarların keyfiyyətinin artırılması, yeni tələblər əsasında təşkil olunması məsələsinə xüsusi diqqət yetirildiyini bildirib. Elmi seminarları alim və tədqiqatçılar üçün intellektual dialoq platforması kimi qiymətləndirən akademik R.Əliquliyev hər bir tədqiqatçının elmi seminarların məqsədi, məzmunu və təsnifatı ilə bağlı biliklərə malik olmasının əhəmiyyətini vurğulayıb.
“Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, dünya elminin tələblərinə cavab verən prioritet istiqamətlərdə tədqiqatlar aparmaq, yüksəkixtisaslı kadrlar hazırlamaq, eləcə də nüfuzlu ölkədaxili və beynəlxal tədbirlərdə fəal iştirak etmək institutun qarşısında duran əsas vəzifələrdəndir”, – deyə akademik bildirib.
Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Kibersuverenlik və sosial kredit: rəqəmsal dövlət infrastrukturuna yeni baxış” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə məsələnin aktuallığından söz açaraq söyləyib ki, kiberhücumlar, informasiya qarşıdurmaları, virtual mühitdə verilənlərin həddən artıq çoxalması və fərdi məlumatların oğurlanması hallarının artması dövlətin öz kibersuverenliyini təmin etmək üçün yeni metod və texnologiyalardan istifadəni qaçılmaz edir. Vətəndaşları narahat edən əsas məsələ onların şəxsi məlumatlarının internet üzərindən ələ keçirilərək müxtəlif məqsədlər üçün istifadə edilməsi, rəqəmsal suverenliyə təhdidlərin artması ilə bağlıdır.
“Tədqiqatın aparılmasında əsas məqsəd sosial kredit sisteminin dövlətin kibersuverenliynin gücləndirilməsində rolunu müəyyən etmək, eləcə də dövlətin kibersuverenliyinin təmini və fərdlərin rəqəmsal hüquqlarının qorunması arasında optimal tarazlıq yaratmaq üçün innovativ strategiyalar və praktiki təkliflər irəli sürməkdir”, – deyə məruzəçi bildirib.
Kibersuverenliyin komponentləri və onların sosial kreditləşmədə rolundan söz açan İ.Ələkbərova qeyd edib ki, kibersuverenliyin müşahidə və nəzarət sistemlərini dəstəkləməsi dövlətlərə öz daxili idarəetmə mexanizmlərini rəqəmsal olaraq gücləndirməyə, nəticədə isə sosial müşahidə modelini inkişaf etdirməyə sövq edir.
Məruzəçi qeyd edib ki, sosial kredit sisteminin rəqəmsal dövlət infrastrukturuna inteqrasiyası dövlətin kiberməkanda suverenliyini gücləndirmək üçün böyük potensiala malikdir. Verilənlərin mərkəzləşdirilmiş toplanması, emalı və təhlükəsiz saxlanması kibersuverenliyin əsas prinsiplərinə söykənir.
O, sosial kreditləşmənin dövlətin kibersuverenliyinin iki əsas komponenti (sosial kredit və verilənlərin suverenliyi) ilə sıx bağlı olduğunu qeyd edib: “Sosial kredit balının uzun müddət ərzində etibarlı və davamlı şəkildə saxlanılması üçün dövlət bu məlumatlara tam nəzarət etməlidir. Bu, verilənlərin xarici serverlərdə saxlanılmamasını tələb edir”.
Rəqəmsal dövlət infrastrukturunun inkişafında kibersuverenlik və sosial kredit sistemlərinin inteqrasiyası yeni perspektivlər açır ki, bu da dövlətlərə rəqəmsal məkanlarını effektiv idarə etməyə və vətəndaşlara daha yaxşı xidmətlər göstərmək üçün yeni imkanlar təqdim edir.
Aparılan araşdırmaların nəticələrini təqdim edən tədqiqatçının sözlərinə görə, sosial kredit sistemi, sosial müşahidə indeksi və kibersuverenlik bir-birini tamamlayan və bir-birinə təsir edən üç mühüm konsepsiyadır. Sosial kreditləşmə tətbiq etməklə dövlətlər öz milli təhlükəsizliyini təmin etmək, ictimai etimadı və vətəndaş rifahını yüksəltmək potensialını gücləndirməklə güclü kibersuverenliyə malik olmaq imkanı əldə edirlər.
O, həmçinin kibersuverenliklə əlaqədar hərbi və müdafiə, texnoloji, eləcə də qanunvericilik və tənzimləmə aspektindən aparılan tədqiqatlar haqqında məlumat verib. Kibersuverenliyin beynəlxalq mübahisələrə səbəb olan tərəfləri, sosial kredit sistemlərinin imkanları, potensial faydaları və riskləri haqqında məlumatları diqqətə çatdırıb.
Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra çıxış edən akademik Rasim Əliquliyev müasir dövrümüzdə sosial kredit sistemləri vasitəsilə vətəndaşların qiymətləndirilməsinə dair tədqiqatların aktuallıq kəsb etdiyini qeyd edib, bu istiqamətdə araşdırmaların davam etdirilməsi, kibersuverenlik və sosial kredit konsepsiyanın hazırlanmasına dair təklif və tövsiyələrini səsləndirib. Alim həmçinin fərdin sosial kreditinin qiymətləndirilməsi, sosial müşahidə indeksi, fərdin sosial krediti, sosial nüfuzu, sosial reytinqi, sosial çəkisi və s. ilə bağlı tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.