“Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb
AR Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Gürcüstanın Tbilisi Dövlət Universiteti, Türkiyənin Ege Universiteti, Özbəkistanın Karşı Dövlət Universiteti və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə “Konstitutsiya və suverenlik İli”nə həsr olunmuş “Hərbi konfliktlərin ətraf mühitə təsiri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Tədbirin əsas məqsədi hərbi konfliktlərin ətraf mühitə destruktiv təsiri, eləcə də ətraf mühitin reabilitasiyası üzrə dünya təcrübəsi ilə tanış olmaq, alim və mütəxəssislərlə birgə bilik və təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Rusiya, Sudan və Böyük Britaniyadan tanınmış alim və mütəxəssislər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim hərbi münaqişələrin və konfliktlərin ətraf mühitə təsiri problemlərinin son dövrlərdə böyük aktuallıq kəsb etdiyini qeyd edib, 2030-cu ilədək Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafının əsas milli prioritetlərindən biri olan “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” konsepsiyasının həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
AMEA-nın vitse-prezidenti sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, ölkəmizdə yaşıl və rəqəmsal transformasiyaların inkişafı, eyni zamanda ekoloji problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlərin görüldüyünü söyləyib: “Bu baxımdan 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ötən ilin noyabr ayında COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu kimi tədbirlər çərçivəsində qlobal ekoloji problemlərin həllinə dəstək vermiş, iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal iştirak etmişdir”.
Akademik R.Əliquliyev 30 il ərzində işğalçı dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrində ətraf mühitə, təbiətə, bütövlükdə ekosistemə ciddi ziyan vurulduğunu qeyd edərək, hazırda həmin ərazilərdə “Böyük Qayıdış” prosesi çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını bildirib.
“Qarabağ ərazisində minaların təmizlənməsi istiqamətində süni intellekt texnologiyalarına əsaslanan dronlardan istifadə olunur. Bununla yanaşı, həm kimyəvi, həm radiaktiv təhlükələrin qiymətləndirilməsi, peyk məlumatlarının emalı və onların əsasında müvafiq dövlət orqanlarına təkliflərin təqdim edilməsi Azərbaycan alimlərinin qarşısında duran əsas vəzifələrdəndir”, – deyə akademik R.Əliquliyev vurğulayıb.
AMEA-nın vitse-prezidenti müxtəlif elm sahələrini təmsil edən alim və mütəxəssislərin bir masa ətrafında toplanması və hərbi konfliktlərin ətraf mühitə təsiri ilə bağlı multidissiplinar müzakirələrin, birgə tədqiqatların aparılmasının son dərəcə vacib olduğunu deyib. Qeyd edib ki, tədbir gələcəkdə müvafiq istiqamətdə fəaliyyətin əlaqələndirilməsi, elmi araşdırmaların koordinasiya olunması, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma rolunu oynayacaq.
Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək konfransda müxtəlif ölkələri təmsil edən ali məktəblərin, elmi mərkəzlərin iştirakını yüksək qiymətləndirib. Bildirib ki, tədbir çərçivəsində alim və mütəxəssislər öz bilik və təcrübələrini bölüşəcək, hərbi konfliktlərin ətraf mühitə təsiri ilə bağlı geniş elmi müzakirələr aparcaq: “İnanıram ki, konfransda səsləndirilən təklif və tövsiyələr ətraf mühitin mühafizəsi ilə bağlı elmi tədqiqatların daha da genişlənməsinə, yeni layihələrin həyata keçirilməsinə xidmət edəcək, mühüm elmi və praktiki nəticələrin əldə olunmasına imkan yaradacaq”.
Tədbirdə Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova da çxıış edib. O, hərbi konfliktlərin ətraf mühitə təsiri problemlərinin günü-gündən aktuallaşdığını, müharibələrin təbiətə, iqtisadiyyata, şəhər və kəndlərimizə, bütövlükdə canlı aləmə ciddi ziyan vurduğunu söyləyib: “Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqlarında təbii ehtiyatların talanması, meşələrin qırılması, torpaqların çirklənməsi, ekosistemin pozulması, fauna və floranın məhv edilməsi genişmiqyaslı və ciddi fəsadlar doğurmuşdur. Təəssüf ki, tarixi abidələrin bərpası və dağıntıların aradan qaldırılması onilliklər tələb edir,” – deyə rektor vurğulayıb.
Professorun sözlərinə görə, müharibələrin ətraf mühitə təsirlərinin öyrənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində alimlərin üzərinə mühüm vəzifələr düşür: “Hər bir alim müharibələrin ekosistemə mənfi təsirləri ilə bağlı tədqiqatları genişləndirməlidir. İnanıram ki, geniş elmi ictimaiyyəti bir araya gətirən bu konfrans mühüm nəticələrlə yadda qalacaq”.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli isə öz çıxışında bildirib ki, hərbi konfliktlər əsas etibarilə lokal xarakter daşısa da, onların nəticələri sərhədləri aşaraq beynəlxalq miqyasda ciddi problemlərə səbəb olur. N.Məmmədlinin sözlərinə görə, bu kimi problemlərin elmi yanaşma əsasında öyrənilməsi son dərəcə vacibdir: “Konfransın məqsədi də konfliktlərin ətraf mühitə təsirlərini məhz elmi müstəvidə qiymətləndirmək, müvafiq istiqamətdə elm və təhsilin inteqrasiyasını gücləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaqdır”.
Nazir müşaviri konfrans çərçivəsində səsləndirilən təkliflərin gələcəkdə birgə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirəcəyini bildirib. “Əminəm ki, əldə edilən elmi nəticələr həm ölkədaxili, həm də beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi problemlərinin həllinə xidmət edəcək” – deyə, N.Məmmədli vurğulayıb.
Tədbirdə həmçinin Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini, general-mayor Arif Həsənov və AMEA-nın müşaviri, akademik Adil Qəribov çıxış edərək, ölkələrarası müharibələrin və terrorun təkcə insan həyatı və infrastruktur üçün deyil, həm də ətraf mühit və bütövlükdə bəşəriyyət üçün çox böyük təhlükələr yaratdığını qeyd ediblər. Tədbirin hərbi konfliktlərin ətraf mühitə təsiri problemlərinə dair birgə layihələrin işlənilməsi, konkret təkliflərin hazırlanması və gənc tədqiqatçıların bu prosesə cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonra konfrans öz işini plenar və seksiya iclasları ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.