Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib

06 Fervral 2014 - 05:02 | Mühüm hadisələr
Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib

Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə yaradılmış genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib. 

Forum Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə 50 ölkənin dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Forumda Ruanda Prezidenti Pol Kaqame genişzolaqlı İnternetin müasir dünyadakı rolundan danışmış, bu istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığının, təcrübə mübadiləsinin zəruriliyini qeyd edib. 

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture rəhbərlik etdiyi təşkilatın genişzolaqlı İnternetin inkişafı istiqamətində apardığı işlərdən və bir sıra ölkələrin təcrübəsindən danışıb. Bu baxımdan Azərbaycan hökumətinin də ölkəni yüksək sürətli İnternetlə təmin edəcək təşəbbüsünü yüksək dəyərləndirib. 

ictnews.az Elektron Xəbər Xidmətinin məlumatına görə, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qazanılmış uğurlardan, xüsusilə yüksək sürətli İnternetin inkişafından danışıb və bu komissiya vasitəsilə müsbət təcrübə mübadiləsinin aparılacağını bildirib. 

Tədbirin iştirakçıları genişzolaqlı İnternetin inkişafı ilə bağlı müzakirələrə qatılıb, bu istiqamətdə dövlət-özəl sektor platformasının tətbiqinin vacibliyini qeyd edib, bu forumun növbəti illərdə də bu formatda davam etdirilməsi tövsiyə olunub.