“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı başa çatıb

23 May 2025 - 20:00 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirilib.

Tədbirdə “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” və “Tibdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” adlı seksiya iclaslarının sədrləri və katibləri çıxış edərək 60-a yaxın məruzənin dinlənildiyi konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, rəqəmsal tibb sahəsində mövcud problemlərin həlli üçün yeni imkanların təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seksiya iclaslarında tibbi kiber-fiziki sistemlərin kiberdayanıqlılığı, tibbi şəbəkə infrastrukturunun arxitekturası, tibb elmlərinin bibliometrik analizi, tibbi diaqnostikada süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal tibbi terminoloji sistemin formalaşması və s. kimi mövzuları əhatə edən çıxışlara münasibətini bildirib. Alim rəqəmsal tibbin aktual elmi problemlərinə həsr olunmuş məruzələri yüksək qiymətləndirərək konfransın rəqəmsal tibbin elmi-nəzəri və praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Akademik R.Alıquliyev gələcəkdə bu istiqamətdə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, yüksəkixtisaslı kadrların yetişdirilməsinə dəstək verilməsi, rəqəmsal tibb problemlərinin müzakirəsi məqsədilə müxtəlif səpkili görüşlərin  keçirilməsinin böyük səmərə verəcəyinə inamını vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.