Bakı Musiqi Akademiyası və Naxçıvan Dövlət Universiteti arasında İnternet üzərindən konsert tədbiri təşkil olunub

05 May 2025 - 18:00 | Konfranslar, İclaslar

ETN Naxçıvan Dövlət Universiteti (NDU), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və ETN İnformasiya Texnologiyaları İnstitutu tərəfindən, GEANT Assosiasiyası, İtaliyanın GARR şəbəkəsi və Estoniya Musiqi və Teatr Akademiyasının iştirakı ilə birgə konsert tədbiri təşkil olunub. Tədbir Avropa Komissiyasının dəstəklədiyi, GEANT Asossiasiyasının EaPConnect layihəsi çərçivəsində reallaşdırılan və real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyan LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin köməyilə baş tutub.

Əvvəlcə NDU-da LOLA sisteminin təqdimat mərasimində çıxış edən rektor, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bu tədbiri Azərbaycanın elmi və mədəni potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi, o cümlədən elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli mədəniyyət hadisəsi kimi qiymətləndirib.

Rektor fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirən LOLA audiovizual yayım sisteminin ölkəmizdə rəqəmsallaşma prosesinə dəstək verən unikal layihələrdən biri olduğunu və Bakı Musiqi Akademiyası ilə əməkdaşlıq istiqamətində yeni bir mərhələnin əsasını qoyduğunu diqqətə çatdırıb. Həmçinin sistemin universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, onlayn “incəsənət körpüsü”nün yaradılması baxımından böyük imkanlara malik olduğunu qeyd edib, NDU-nun Konservatoriyasında LOLA sisteminin imkanlarından geniş şəkildə istifadə edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin tədbir iştirakçılarına ünvanlanmış videomüraciəti nümayiş etdirilib. Videomüraciətdə dövlət başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasət strategiyası nəticəsində ölkəmizin beynəlxalq aləmə sürətlə inteqrasiya etdiyini, Avropa Birliyi ilə əməkdaşlıq münasibətlərinin genişləndiyini qeyd edən alim, məhz məqsədyönlü siyasətin nəticəsi olaraq, Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən EaPConnect layihəsi çərçivəsində Azərbaycanın elm və təhsil müəssisələrinə yüksək keyfiyyətli İnternet xidmətlərinin təqdim olunduğunu bildirib.

Akademik uzun müddətdir ki, ETN İnformasiya Texnologiyaları İnstitutundan və Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərin NDU-da LOLA sisteminin quraşdırılması istiqamətində iş apardıqlarını və nəticə etibarilə, Naxçıvan Dövlət Universiteti və Bakı Musiqi Akademiyasının kollektivləri arasında LOLA sistemi vasitəsilə birgə konsert tədbirinin reallaşdırıldığını qeyd edib, bu əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik edib.   

AMEA-nın vitse-prezidenti LOLA sisteminin mahiyyətinə toxunaraq bildirib ki, bu xidmətin əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən musiqiçilər və incəsənət nümayəndələri arasında İnternet vasitəsilə real zamanda virtual musiqi ifalarını təşkil etməkdir: “LOLA sistemi keyfiyyətli audiovizual əlaqə mühitini təmin etməklə musiqi və incəsənət sahəsində yeni bir texnoloji mühit və əməkdaşlıq imkanları yaradır. Bu sistem musiqiçilərin fiziki olaraq bir məkanda toplaşmadan, İnternet üzərindən birgə çıxışlar etməsinə imkan yaradır. Beləliklə, bu texnologiya musiqi sənətində sərhədləri aradan qaldıraraq, yaradıcılıq və əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir”.

Alimin sözlərinə görə, NDU-da LOLA sisteminin istifadəyə verilməsi Naxçıvanın əsrlər boyu formalaşmış zəngin musiqi irsinin qlobal miqyasda tanıdılması üçün geniş imkanlar açmaqla yanaşı, bu ali təhsil müəssisəsinin Bakı Musiqi Akademiyası və digər musiqi qurumları ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaqdır.  

Akademik Rasim Əliquliyev çıxışının sonunda layihənin uğurla həyata keçirilməsində göstərdikləri dəstəyə görə Bakı Musiqi Akademiyası və Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və mütəxəssislərinə, GEANT Assosiasiyasına, eləcə də EaPConnect layihəsinin əsas tərəfdaşlarından olan Estoniya Musiqi və Teatr Akademiyasının nümayəndələrinə təşəkkürünü bildirib. Bu əməkdaşlığın davamlı olacağına və gələcəkdə yeni texnoloji yeniliklərə yol açacağına əminliyini ifadə edib.

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək tətbiq olunan yeni sistemin NDU-nun Konservatoriyasının imkanlarının genişlənməsinə, klassik musiqinin tədrisi və ifası istiqamətində fəaliyyətin daha səmərəli təşkili üçün böyük imkanlar açacağını vurğulayıb.

Professor Fərhad Bədəlbəyli tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirib, layihənin uğurla davam edəcəyinə inamını qeyd edib.

GEANT Assosiasiyasının EaPConnect layihəsinin meneceri İrina Metyus videomüraciət vasitəsilə çıxış edərək LOLA audiovizual yayım sisteminin tətbiqinin önəminə toxunub, sistemin müxtəlif qurumlar arasında əməkdaşlığı daha da genişləndirmək üçün yeni imkanlar açdığını diqqətə çatdırıb, tədbirin işinə uğurlar arzu edib. 

Daha sonra tədbirin bədii hissəsində LOLA sisteminin köməyilə Bakı Musiqi Akademiyası və NDU-nun Konservatoriyasının nümayəndələrinin iştirakı ilə birgə musiqi ifaları səsləndirilib.  

Tədbirin sonunda çıxış edən dos. E.İsayev birgə əməkdaşlıq çərçivəsində görülən işlərin Naxçıvanda mədəni mühitin daha da inkişaf etdirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Rektor layihənin reallaşdırılması və texniki dəstək göstərilməsi baxımından ETN İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətini xüsusi qeyd edib, tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.