İnstitutda yerinə yetirilən qrant layihələrinin icra vəziyyəti müzakirə olundu

02 May 2025 - 14:00 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi “Sosial kiber fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni  intellekt  texnologiyalarının  tətbiqi  ilə  neft-qaz  sənayesində  onlayn platformada  idarəetmə  üçün  metod  və  alqoritmlərin  işlənməsi” qrant layihələri çərçivəsində 2025-ci ilin birinci rübü üzrə nəzərdə tutulmuş işlərin icra vəziyyətinin monitorinqinə həsr olunmuş seminar keçirildi.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək qrant layihələrinin institutun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd etdi. Alim elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından qrant layihələrində fəal iştirakın vacibliyindən danışdı.  

Akademik R.Əliquliyev iclasın keçirilməsində əsas məqsədin qrant layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nəticələrlə tanış olmaq, onları qiymətləndirmək və qarşıda duran yeni vəzifələri müəyyənləşdirməkdən ibarət olduğunu bildirdi.

Sonra hər iki qrant layihəsinin icraçıları cari ilin birinci rübü ərzində yerinə yetirilmiş işlər və alınmış nəticələr haqqında seminar iştirakçlarına hesabat verdi. İcraçılar qarşıya qoyulan məsələlər, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqat mövzuları barədə ətraflı məlumat verdilər.

Hesabatlarla bağlı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda akademik R. Əliquliyev hər iki qrant layihəsi çərçivəsində aktual problemlərlə bağlı aparılan tədqiqatların elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etdi, araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.