Akademik Fəraməz Maqsudovun anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

30 Aprel 2025 - 15:51 | Konfranslar, İclaslar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) İnformasiya Texnologiyaları İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli AR Prezidenti cənab İlham Əliyevin 18 mart 2025-ci il tarixində “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını, bu Sərəncamın icrası ilə əlaqədar olaraq Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. 1997-2000-ci illərdə AMEA-nın prezidenti kimi fəaliyyət göstərmiş akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin AMEA- nın 80 illik tarixinə nəzər salınması baxımından əhəmiyyətini vurğulayıb. 

AMEA rəhbəri akademik F.Maqsudovun həyatının 50 ilə yaxın bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, görkəmli alimin ölkəmizdə riyaziyyat elminin inkişafında göstərdiyi xidmətlərin,  riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental elmi nəticələrin ona təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nüfuz qazandırdığını diqqətə çatdırıb.

Akademik İ.Həbibbəylinin sözlərinə görə, şərəfli və məsuliyyətli bir həyat yol keçmiş akademik F.Maqsudov 1974-cü ildən Azərbaycan SSR EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edərək institutun qazandığı uğurlara mühüm töhfələr vermişdir. 

AMEA prezidenti mərhum akademik F.Maqsudovun akademiyanın prezidenti kimi fəaliyyət göstərdiyi illərdə Azərbaycan Elmlər Akademiyasında yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm xidmətləri olduğunu vurğulayıb.

O, akademik F.Maqsudovun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və Azərbaycanın rəsmi dövlətçiliyi uğrunda Azərbaycan ziyalılarının apardığı mübarizədə əhəmiyyətli rolu olduğunu qeyd edib və  görkəmli alimin Ulu Öndərin sadiq silahdaşı kimi onun siyasətini hər zaman dəstəklədiyini diqqətə çatdırıb. Alim akademik F.Maqsudovun bu istiqamətdə xidmətlərinə görə Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə təltif olunduğunu da söyləyib.

Görkəmli alimin riyaziyyatçı olmasına baxmayaraq, ədəbiyyat sahəsinə, şeirə, sənətə də böyük həvəs göstərdiyini, Azərbaycan klassiklərinin əsərlərinə dərindən bələd olduğunu bildirən AMEA rəhbəri, mərhum alim F.Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini onun şəxsiyyətinə göstərilən dərin hörmət və ehtiramın göstəricisi kimi qiymətləndirib.

Akademik İ.Həbibbəyli çıxışının sonunda AMEA-nın 80 illik yubileyi ərəfəsində sələflərin əməyinə yüksək qiymət verməyin və onların irsini yeni nəsillərə çatdırmağın hər bir alimin müqəddəs borcu olduğunu vurğulayıb.

Sonra tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov çıxış edərək funksional analiz və diferensial tənliklər sahəsində tanınmış alim, akademik F.Maqsudovun zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edib.  Professor M.Mərdanov bildirib ki, hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Fəraməz müəllim bütün mənalı həyatını elmə həsr etmiş, aspirantdan institut direktoru və AMEA-nın prezidenti vəzifəsinə qədər yüksələrək, şərəfli həyat yolu keçmişdir: “25 ildən çox bir müddətdə Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri kimi fəaliyyət göstərmiş bu böyük insan elmə gənc, istedadlı tədqiqatçıların gəlməsi üçün şərait yaratmış, ölkədə və keçmiş SSRİ məkanında onların elmi tədqiqat işləri aparmasını daim diqqət mərkəzində saxlamışdır”.

Professor M.Mərdanov akademik F.Maqsudovun müstəqilliyin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatında, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etdiyini, 1995-ci ildə Milli Məclisin üzvü seçildiyini qeyd edib.

Sonra ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 80 illik yubileyi ərəfəsində akademik F.Maqsudovun anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, alimin Azərbaycan riyaziyyat elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib.

O, akademik F.Maqsudovun alimliyi ilə yanaşı, alicənablığı, sadəliyi, xeyirxahlığı və digər yüksək insani keyfiyyətləri ilə də Azərbaycan elmi ictimaiyyəti arasında, eləcə də bütün Türk dünyasında yüksək nüfuz və hörmət qazandığını vurğulayıb.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda Azərbaycan xalqının böyük ziyalılarından olan akademik F.Maqsudovun əziz xatirəsinin hər zaman ehtiramla yad olunacağına, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək akademik F.Maqsudovun ölkəmizdə təkcə riyaziyyat yox, kibernetika və informatika elminin inkişafında da mühüm xidmətləri olduğunu söyləyib. Həmçinin alimin yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov və ETN Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev də çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olunmuş tədbiri yüksək qiymətləndiriblər, akademik F.Maqsudovun elmi fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açaraq öz xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.