Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AR Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb.
Sonra Elm Gününə həsr edilmiş elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı ilə keçilmiş şərəfli tarixi yola qiymət verildiyini və Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib.
Akademik İsa Həbibbəyli dövlət başçısının bu günlərdə imzaladığı elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı Sərəncamının ölkəmizdə elmin inkişafına, sovet dövründən miras qalmış köhnə modellərdən imtina edilərək, artıq müstəqil Azərbaycan dövlətinin zəruri hesab etdiyi sahələr üzrə yenilənmiş və müasir çağırışlara uyğunlaşdırılmış istiqamətlərdə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyib.
Bu gün süni intellekt, rəqəmsal texnologiyalar, “yaşıl iqtisadiyyat” kimi qlobal elmi tendensiyaların dünya alimlərinin başlıca tədqiqat mövzuları sırasında yer aldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu istiqamətlərdə araşdırmalar apardıqlarını, layihələr həyata keçirdiklərini, dünya elmində ölkəmizin mövqeyinin qorunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası son 3 il ərzində tarixində ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA), Beynəlxalq Elmi Şuraya (ICSU) və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) tamhüquqlu üzv seçilib, dünya elmində vacib qərarların, elmi istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir.
“Elmin mühüm funksiyalarından biri də elmi elitanın formalaşdırılmasıdır. Bu elita rasional düşüncə tərzinə malikdir və ölkəmizdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində milli elmi elita formalaşmışdır. Bu, dövlət səviyyəsində elmə göstərilən diqqətin bariz nümunəsidir. Elmin inkişafı sahəsində əldə etdiyimiz nailiyyətlər artıq sabit bir templə davam edir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
Azərbaycan elminin ötən 80 il ərzində dünyaşöhrətli görkəmli alimlər yetişdirdiyini və mühüm nailiyyətlər əldə edərək elmi məktəblər yaratdığını deyən akademik İsa Həbibbəyli ölkəmizin elmi tarixində iz qoymuş görkəmli alimlərimizin xatirəsinin daim əziz olduğunu, onların formalaşdırdığı ənənənin bu gün milli elmi elita tərəfindən müasir çağırışlara uyğun olaraq, daha da zənginləşdirilərək davam etdirildiyini söyləyib.
“Ötən 80 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 437 görkəmli alim həqiqi və müxbir üzv seçilmişdir. Bu alimlər arasında 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Sosialist Əməyi Qəhrəmanı, 72 nəfər SSRİ Dövlət Mükafatı laureatı və 11 nəfər müstəqil Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür. Ötən əsrin 1970-80-ci illəri əldə olunmuş nailiyyətlərə görə, Azərbaycan elminin intibah dövrü hesab olunur. Heç şübhəsiz, qeyd olunan intibah dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər daim elmə, təhsilə və ziyalılara xüsusi diqqət, qayğı göstərmiş, nəticədə Azərbaycan elmi nailiyyətləri ilə həm respublika daxilində, həm də beynəlxalq miqyasda tanınmışdır. Ümummilli Liderin ikinci hakimiyyəti dövründə ilk görüşlərindən birini 21 sentyabr 1993-cü ildə Milli Elmlər Akademiyasında ziyalılarla keçirməsi, sözün əsl mənasında, elmimizin inkişafına yeni nəfəs verdi”, - deyə AMEA prezidenti vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərdə - işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu istiqamətlər araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.
Əldə olunmuş nailiyyətlərin bugünkü sərgidə geniş nümayiş etdirildiyini deyən AMEA rəhbəri sərgidə gənclərin aktiv iştirakının elmimizin gələcəyinə olan inamın əyani göstəricisi olduğunu bildirib.
Builki Elm Günü tədbirinin, həm də Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. Anarın öz əsərləri ilə xalqımızı daim ləyaqətlə təmsil etdiyini, “Qobustan” kimi bir ədəbi məktəbi yaratdığını, Azərbaycan Yazıçılar Birliyinə rəhbərliyi ilə isə ədəbiyyatımıza istiqamət verdiyini deyib.
“Elm dünyəvi anlayışdır, ədəbiyyat isə milli xüsusiyyətləri təmsil edir. Ədəbiyyat milli olduqca, bəşəri xarakter alır, elm isə bəşəri olduqca milliləşir. Müstəqillik dövründə Azərbaycan yazıçıları dövrümüzün çağırışlarına cavab verərək, müstəqil dövlətin vətəndaşının düşüncəsini, qayğılarını və gələcəyə baxışını bədii şəkildə əks etdirən əsərlər ortaya qoyublar”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycan elmi, Akademiyanın kollektivi və ziyalılarımız adından AMEA-ya, elmimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətində elm və təhsil əsas prioritet sahələrdəndir: “Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər milli elmi elitanın formalaşmasına və onların iqtisadi inkişafda rolunun artırılmasına yönəlmişdir”. AHİK sədri vurğulayıb ki, IV Sənaye İnqilabı dövründə – süni intellekt, əşyaların interneti və rəqəmsal texnologiyalar çağında – Azərbaycan alimlərinin elmi nailiyyətləri ölkənin inkişafında mühüm rol oynayır. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sahib Məmmədov əlavə edib ki, hazırda ölkəmizdə elmi tədqiqat və innovasiyalar üçün əlverişli mühit yaradılmış, alimlərin ixtiralarının reallaşması və kommersiyalaşması üçün imkanlar genişlənmişdir. Sədr AHİK-in fəaliyyət istiqamətlərindən də bəhs edərək, həmkarlar ittifaqlarında islahatların aparıldığını, Konfederasiya üzvlərinin rifahı və hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini bildirib. O, həmçinin Konfederasiyada elektron xidmətlərin tətbiq olunduğunu və Elektron AHİK platformasının formalaşdırıldığını qeyd edib.
AMEA-da da Azad Həmkarlar İttifaqının fəaliyyət göstərdiyini söyləyən Sahib Məmmədov bu qurumla AHİK arasındakı əlaqələrdən danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən alimlərin rifahının yaxşılaşdırılması, onların sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov çıxış edərək elm ictimaiyyətini Elm Günü münasibətilə təbrik edib, Azərbaycan elminin tarixinə dair mühüm məqamlara toxunub. Professor Anar İsgəndərov qeyd edib ki, elm və təhsilin Azərbaycan cəmiyyətində önəmli yer tutması hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlamentin gündəliyinə daxil edilən əsas məsələlərdən olub. Komitə sədri vurğulayıb ki, həmin dövrdə ilk ali məktəbin yaradılması ilə bağlı təşəbbüslər və parlamentdə aparılan müzakirələr elmin və təhsilin inkişafına verilən dəyərin bariz nümunəsidir: “1919-cu ildə Azərbaycan Parlamentində elm və təhsilin vəziyyəti müzakirəyə çıxarılıb. Parlamentin qərarı ilə 100 azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq üçün xaricə göndərilib”.
Elmin inkişafına dair atılan növbəti mühüm addım kimi, 1919-cu ilin dekabrında İstiqlal Muzeyinin yaradılmasını qeyd edən professor Anar İsgəndərov bildirib ki, burada nümayiş etdirilən ilk eksponatlar dövrün elmi uğurları kimi qəbul edilirdi. O, bugünkü Azərbaycan elminin nailiyyətlərinə diqqət çəkərək vurğulayıb ki, əldə edilən uğurlar bu gün keçirilən sərgidə də öz əksini tapıb.
“Hər bir xalqın böyüklüyü onun dünya elminə verdiyi töhfələrlə, elmi nailiyyətləri ilə ölçülür”, - deyən komitə sədri müasir dövrdə tarix elminin inkişafı məsələsinə toxunub, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədə tarixi həqiqətlərin dünyaya çatdırılmasının önəmini xüsusi qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin qələbənin əsas şərtləri kimi göstərdiyi amillər sırasında problemin tarixiliyinin beynəlxalq ictimaiyyətə düzgün təqdim olunması da var idi. O, əlavə edib ki, tarix elmi daim inkişafda olan bir sahədir və bu baxımdan Qərbi Zəngəzur məsələsinin də elmi araşdırmalar kontekstində ön plana çıxması vacibdir.
Çıxışının sonunda professor Anar İsgəndərov son zamanlar aparılan kompleks islahatları nəzərə alaraq, Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində daha böyük nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.
Tədbir iştirakçılarını salamlayan Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib. Rəhbərlik etdiyi qurumun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə 10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İrma Ratiani “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin ilk hissəsi artıq yekunlaşıb, aparılan tədqiqatların nəticəsi olan kitab həm gürcü dilində, həm də Kembric Universitetinin nəşriyyatında ingilis dilində işıq üzü görüb. Layihənin ikinci hissəsinin interdissiplinar olduğunu deyən institut direktoru layihədə ədəbiyyatşünas alimlərlə yanaşı, sənətşünasların, musiqişünasların və digər sahələri təmsil edən alimlərin iştirak etdiyini əlavə edib, akademik İsa Həbibbəyliyə əməkdaşlığa görə təşəkkürünü bildirib. Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunda Rəqəmsal Ədəbiyyat Mərkəzinin yaradıldığını qeyd edərək professor AMEA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də əməkdaşlıq etməyə dəvət edib.
Çıxışdan sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianiyə və professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov, AR Milli Məclisinin sədr müavini Rafael Hüseynov, AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva çıxış edərək Elm Günü münasibətilə alimlərimizi təbrik edib, son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıb, o cümlədən Xalq yazıçısı Anarın həyatı və ədəbi fəaliyyətinin incə məqamlarına toxunublar.
Akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları tərəfindən süni intellekt vasitəsilə hazırlanmış Anarın səsləndirdiyi videonu təqdim edib.
Daha sonra Elm Gününün fəxri qonağı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edib. O, Azərbaycan alimlərini Elm Günü münasibəti ilə ürəkdən təbrik edib, yeni uğurlar, zirvələr arzulayıb. Bu əlamətdar bayram çərçivəsində, həmçinin onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirən Anar tədbirdən öncə tanış olduğu Elmi nailiyyətlər sərgisi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, bu sərgi yalnız müstəqil ölkədə və tarixi Zəfər qazanmış millətin elmi sərgisi ola bilər. Hazırda dərin tədqiqatların aparıldığı Qərbi Azərbaycan, Türk dünyası və digər prioritet sahələrin araşdırılmasının yalnız müstəqil ölkədə mümkün olduğunu vurğulayan Xalq yazıçısı müxtəlif dövrlərdə mövcud olan fərqlər haqqında bəhs edib, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da bu istiqamətlərdə görülən işlərin ölkəmizin inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Çıxışlardan sonra Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub.
Tədbir çərçivəsində, o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və Təşəkkürnamələr təqdim edilib. Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mükafatı təqdim olunub.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Elm Günü münasibətilə tədbir iştirakçılarını, alimlərimizi təbrik edib, elmi tədqiqatlarında uğurlar arzulayıb.